"Azərbaycanın belə bir mötəbər tədbirə hansı şəraitdə ev sahibliyi etməsinə diqqət yetirmək lazımdır. Azərbaycan tək öz regionunda deyil, artıq dünyada nüfuzu və siyasi çəkisi olan bir ölkədir".

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

Azərbaycanın etibarlı tərəfdaş və məsuliyyətli dövlət olduğunu vurğulayan komitə sədri ölkəmizin üzərinə götürdüyü vəzifəni layiqincə yerinə yetirdiyini söyləyib: "Bir ildən də az bir müddət ərzində Azərbaycan çox yüksək səviyyəli bir təşkilatçılıq işi görüb. COP29-da iştirak edən hər bir nümayəndə bunu etiraf edir. İstər təşkilatı məsələlər, istər mövzuların seçilməsi, gündəliyin müəyyən olunması, konfrans çərçivəsində keçirilən layihələr, təqdimatlar, dinc aksiyalar, imzalanan bəyannamələr, fəaliyyət planları - bütün bunlar bir daha sübut edir ki, Azərbaycan daha təmiz, təhlükəsiz, sağlam və ədalətli dünya üçün öz töhfələrini verir. Dünya ölkələri bunu qəbul edirlər". 

COP29-un BMT-nin tədbiri olduğunu vurğulayan deputat qeyd edib ki, əgər hansısa ölkələr və dairələr bu tədbirdə iştirak etmirsə və ya Azərbaycana qarşı hər hansı qarayaxma kampaniyaları aparırsa, bu, əslində BMT-yə, onun üzvü olan digər ölkələrə və bu təşkilatın qərarların qarşı çıxmaq deməkdir:

"Onlar anlamalıdırlar ki, bu hərəkətləri və qərarları ilə Azərbaycanı deyil, beynəlxalq təşkilatı boykot etməyə cəhd göstərirlər. Deməli, onlar üçün insan hüquq və azadlıqları, beynəlxalq hüququn norma və prinsipləri ölkədən-ölkəyə və xalqdan-xalqa dəyişir. Onların maraq və mənafelərinə uyğun deyilsə, deməli, bu pisdir və bunu qəbul etmək olmaz. Bu onların öz seçimidir. Ancaq bütün bunlara baxmayaraq, həmin qüvvələr öz istəklərinə nail ola bilmədilər".

"COP29 öz axarı ilə və çox yüksək səviyyədə keçir, işgüzar bir ovqat var. Mühüm müzakirələr aparılır və artıq müsbət nəticələr var. COP29-dan əsas gözlənti iqlim maliyyəsi üçün ədalətli və iddialı Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) razılaşdırılmasıdır. COP29-un sədrliyi 14 təşəbbüs irəli sürmüşdür. COP29 zamanı əldə edilmiş iqlim maliyyəsi sazişləri qlobal səviyyədə davamlı inkişaf üçün yeni imkanlar açmışdır. Dünya Bankı maliyyə öhdəliyini 170 milyard dollara çatdıracağını açıqlayıb. Bundan əlavə, Aİ və digər beynəlxalq maliyyə institutları inkişaf etməkdə olan ölkələr üçün əlavə iqlim fondları ayırmağı öhdələrinə götürüblər. Bu vəsaitlər təmiz enerji texnologiyalarının tətbiqi, karbon emissiyalarının azaldılması və ekoloji layihələrin həyata keçirilməsi üçün istifadə olunacaqdır", - deyə komitə sədri H.Hüseynova əlavə edib.

İsmayıl Bakuvi