Hansı dövlət qurumlarının elektron bazası doğru deyil? - Açıqlama
“Əhalinin xidmətlərə, xüsusən də elektron xidmətlərə asan çıxışına mane olan amillərin aradan qaldırılması vacibdir”.
İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin “Dövlət orqanlarının göstərdikləri xidmətlər üzrə keyfiyyət və məmnunluğun qiymətləndirilməsinə dair” analitik hesabatın təqdim olunduğu konfransda çıxış edən Sosial Tədqiqatlar Mərkəzi İdarə heyətinin sədri Zahid Oruc deyib.
Onun sözlərinə görə, Dövlət Xidmətləri Portalında mütəmadi olaraq yenilənmələrin aparılması məqsədəuyğun olar:
“Dxr.az portalında bəzi dövlət xidmətlərinin 511 elektron xidmət arasında yer almasına baxmayaraq, reallıqda onlar nə elektronlaşdırılıb, nə də avtomatlaşdırılıb. Məsələn, Müdafiə Sənayesi Nazirliyinin “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub olan və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi” xidməti portalda qeyd olunsa da, xidmət verilmir. Qida Təhlükəsizliyi Agentliyinin “Qida məhsullarının istehsalı, qablaşdırılması, saxlanılması, emalı, utilizasiyası və məhv edilməsi üçün nəzərdə tutulan tikinti obyektlərinin tikintisi və yenidən qurulmasına dair layihələrə rəy verilməsi” xidməti üzrə dxr.az portalında xidmətin elektronlaşma və avtomatlaşma dərəcələri haqqında heç bir məlumat yoxdur. Elm və Təhsil Nazirliyinin “Şagirdlərin təhsildə qazandıqları cari nailiyyətləri əks etdirən məlumatların verilməsi” xidməti də eyni vəziyyətdədir”.
Gülşən Şərif