Bu gün Sahibkarlığın İnkişafı Fondunun (SİF) 2022-ci ildə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə dair mətbuat konfransı keçirilib.

Fondun İdarə Heyətinin sədri Osman Xaliyev görülən işlərlə bağlı məlumat verib.

Bildirilib ki, 2022-ci ildə SİF tərəfindən ümumi dəyəri 399,4 milyon manat olan 2726 investisiya layihəsinin maliyyələşdirilməsinə 145,9 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 3000-dən çox yeni iş yerinin açılması imkanı yaranıb. Verilmiş kreditlərin 59,8%-i kənd təsərrüfatı, 23,9%-i sənaye məhsullarının istehsalı və emalı, 6,5-%-i turizm, 9,9%-i isə digər (təhsil, tibb və s.) sahələrin inkişafına yönəldilib. Güzəştli kreditlərin 70,6%-i regionların, 29,4%-i isə Bakı şəhəri və Abşeronun payına düşür. Ötən il verilmiş güzəştli kreditlərin layihə sayı üzrə 99,9%-i, kreditin məbləği üzrə isə 98,3%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib.