Gürcüstanın Baş nazirinin rəhbərliyi ilə ölkənin Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

İclasda dünyada gedən proseslər və regional təhlükəsizlik mühitindəki mühüm tendensiyalar, o cümlədən Ukraynada davam edən hərbi əməliyyatlar və Gürcüstanın üzləşdiyi çağırışlar müzakirə edilib. İşğal olunmuş ərazilərdə baş verən mühüm proseslərə xüsusi diqqət yetirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gürcüstan hökumət dəftərxanasından məlumat verilib.

Bildirilib ki, iclasda, həmçinin milli səviyyəli konseptual sənədlərin yenilənməsi prosesi, o cümlədən “2023-2027-ci illər üçün Gürcüstanın dövlət sərhədinin kompleks idarə olunması strategiyası”nın yekun variantı müzakirə edilib. Sənədin təsdiq edilməsi barədə qərar qəbul edilib.

Eyni zamanda, “Təhlükələrin Qiymətləndirilməsi Sənədi”nin və “Gürcüstanın Fəlakət Riskinin Azaldılması üzrə Milli Strategiya”nın yenilənməsi ilə bağlı məsələlərə diqqət yetirilib.

Milli Təhlükəsizlik Şurasının iclasında bu il Milli Kibertəhlükəsizlik Forumunun keçirilməsi barədə qərar qəbul edilib.