Azərbaycanın yanvar-fevral aylarında təbii qaz ixrac etdiyi ölkələrin siyahısı açıqlanıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, bu dövr ərzində ölkəmiz xaricə cəmi 3 milyard 318,5 milyon kubmetr təbii qaz satıb. İxrac edilən qazın ümumi dəyəri isə 357 milyon 692,3 min dollar olub.

Yanvar-fevral aylarının ixrac həcminə görə ilk pillədə Türkiyə dayanır. Bu dövrdə ölkəyə cəmi 2 milyard 62,8 milyon kubmetr həcmində (180 milyon dollar dəyərində) ixrac olunub. İki ay ərzində Gürcüstana isə 1 milyard 244,8 milyon kubmetr həcmində (175 milyon 501,9 min dollar dəyərində) təbii qaz ixrac edilib.

Təkcə fevral ayının satış həcmlərinə gəldikdə isə Gürcüstana edilən tədarükün həcmi Türkiyənin idxal etdiyi məhsul həcmini üstələyib. Belə ki, fevral ayında Gürcüstana 1 milyard 132,2 milyon kubmetr qaz (163 milyon 105,3 min dollar dəyərində), Türkiyəyə isə 1 milyard 55,2 milyon kubmetr qaz (92 milyon 411,5 min dollar dəyərində) satılıb. Yanvar ayına nəzərən Gürcüstana qaz ixracı 11 dəfə artıb.

Əlavə edək ki, yanvar ayı ərzində Azərbaycanın təbii qaz satışı həyata keçirdiyi ölkələr siyahısında olmayan İtaliya və Bolqarıstan fevral ayından etibarən bu siyahıya daxil olub.

Belə ki, İtaliyaya ümumi 10 milyon 794,1 min kubmetr həcmində (1 milyon 949,1 min dollar dəyərində), Bolqarıstana isə 55,5 min kubmetr qaz (200 min dollar dəyərində) qaz ixrac edilib.