"2024-cü ildə Gürcüstan hakimiyyəti ABŞ ilə birlikdə öz ərazisində "Trojan Footprint" xüsusi təyinatlı qüvvələrinin təlimləri və "Noble Partner" çoxmillətli hərbi təlimləri keçirməyi planlaşdırır". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə baş nazirliyə namizəd İrakli Kobaxidzenin parlamentə göndərilmiş hökumət proqramında deyilir.

"2024-cü ildə Gürcüstanda ABŞ-nin Avropa Komandanlığının "Trojan Footprint" xüsusi əməliyyat qüvvələrinin təlimi, eləcə də Gürcüstan-Amerika "Noble Partner" çoxmillətli təlimləri keçiriləcək. Eyni zamanda, gürcü hərbçiləri ABŞ-nin planlaşdırdığı təlimlərdə iştirak edəcəklər", - sənəddə deyilir.

Bundan əlavə, Gürcüstan müdafiə qüvvələrində kiber komandanlığın formalaşdırılmasını davam etdirəcək, həmçinin NATO ilə əməkdaşlıq çərçivəsində kiber laboratoriyanın yaradılması layihəsini həyata keçirməyə başlayacaq, proqramda deyilir.

Cümə axşamı hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının növbədənkənar qurultayında Kobaxidze Gürcüstanın baş naziri vəzifəsinə namizəd kimi irəli sürülüb, bundan sonra o, gələcək nazirlər kabinetinin tərkibini və onun proqramını parlamentə göndərib. Namizədliyinin təsdiqlənməsi üçün siyasətçi 150 deputatdan azı 76-nın dəstəyini almalıdır.