Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsinə dair Sərəncam imzalayıb.

Sərəncama əsasən, Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov Müşahidə Şurasının sədri təyin olunub. Müşahidə Şurasının üzvlüyünə isə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev, Konstitusiya Məhkəməsinin hakimi Humay Əfəndiyeva, Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinin müdiri Xalid Qasımlı, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev təsdiq ediliblər.

Xatırladaq ki, Prezident İlham Əliyevin ötən gün “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxs yaradılıb və Mərkəzin Nizamnaməsi təsdiq edilib. Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutu “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin tabeliyində “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsə çevrilməklə yenidən təşkil edilir. Mərkəzin tabeliyindəki İnstitut Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutunun hüquqi varisidir, onun əmlakı, hüquq və öhdəlikləri İnstituta keçir.