Gözəl və yaraşıqlı görünmək hər kəsin normal istəklərindən biridir. Qadınlar və kişilər həyatları boyunca müxtəlif vasitələrə xeyli pul xərcləyərək arzularını reallaşdırmağa çalışır. Geyimlərimiz və saçımızdan tutmuş üzə, dəriyə qulluq, müxtəlif kosmetik-estetik müdaxilələr və hətta plastik əməliyyatlara qədər çeşidli sahələrə büdcəmizdən pul ayırırıq. Maraqlıdır, görəsən ümumən görünüşümüzün istədiyimiz səviyyədə olması üçün xərclədiyimiz pullar büdcəmizdə hansı paya sahibdir? Və ya ümumiyyətlə, gözəl görünüş karyeranın uğurlu olmasına gətirib çıxarırmı? Bu və digər bənzər suallar ətrafında baş sındırarkən məsələnin əvvəlcə qlobal tərəfini araşdırdıq.

Məşhur online alış-veriş mərkəzi olan “Groupon”un bir neçə il əvvəl 2000 nəfər arasında keçirdiyi sorğunun sonunda məlum olmuşdu ki, bir qadının həyatı boyunca görünüşünə xərclədiyi pulun miqdarı təxminən 225.360 dollar civarındadır. Bu illik 3756 dollar, aylıq isə 313 dollar xərc deməkdir. Kişilər üçün bu rəqəm daha azdır. Müntəzəm olaraq görünüşünə pul xərcləyən bir kişinin həyatı boyunca bu mövzuda təxminən 175.680 dollar xərci çıxır. Araşdırmalardan həm də o məlum olub ki, büdcədən ayrılan pulların dörddə bir hissəsindən çoxu üz nahiyəsinə xərclənir. Bura makiyaj vasitələrinin alınmasından tutmuş kosmetoloji əməliyyatlara qədər bir çox xərclər daxildir.

 

 

Mövzunu gündəmə gətirən iqtisad elmləri doktoru, professor Zahid Məmmədov Iqtisadiyyat.az-a açıqlamasında maraqlı məqamlara toxunub: “Gözəllik iqtisadiyyatı. Bu dünyada yeni bir trenddir, yeni araşdırma mövzusudur. İnsanlarda “gözəl görünən daha uğurlu olur” düşüncəsi möhkəmlənib. Karyerada yüksəlmək, daha çox maaş almaq istəyirlər. Bunun da yolunu görünüşlərinə daha çox sərmayə yatırmaqda görürlər. Bu sahə böyük inkişaf mərhələsindədir. İnsanlar fitnes klublara gedir, üzgüçülüklə məşğul olur, dişlərini dəyişdirir. Bütün bu addımların məqsədi yalnız sağlamlıq deyil, həm də gözəl görünməkdir. Gözəllik karyeraya təsir edirmi? Təcrübə göstərir ki, bəli. Şirkətlər əbəs yerə xərc çəkib gözəl qadınları, yaraşıqlı kişiləri özlərinə sima seçmir. Məqsəd daha çox müştəri qazanmaq, daha çox satış etməkdir. Çünki gözəl, yaraşıqlı insanlara qarşı digərlərində reflektiv bir inam olur”. Z.Məmmədov bəzi ölkələrdə iş anketləri ilə bağlı yeni şərtlərin tətbiq edilə biləcəyinə də diqqət çəkib: “Görünüş iş tapmaqda nə qədər rol oynayır? Deyərdim ki, çox! Hazırda dünyanın bir sıra ölkələrində iş üçün edilən müraciət anketlərində namizədlərin fotolarının ləğv edilməsi müzakirə olunur. Çünki müşahidələrə görə, fotoda gözəl görünən namizədlərin insan resursları üzrə mütəxəssislər tərəfindən işə qəbul edilmə şansları daha çox olur. Bu isə bir çox hallarda ədalətli seçimə əngəl törədir”.


 

Mövzu ilə bağlı Iqtisadiyyat.az-a açıqlama verən televiziya əməkdaşı Tehran Orucoğlu bir neçə il əvvələ qədər görünüşünə daha çox xərc çəkdiyini, hazırda bu xərclərin bir qədər azaldığını qeyd edib: “Hesablamışam, yemək, kommunal və digər xərclərdən əlavə, mənim geyim, saç və digər görünüş vasitələrinə aylıq təxminən 300 manat xərcim çıxır. Bu isə ilə 3600-4000 manat civarında pul deməkdir”. 


 

Iqtisadiyyat.az-a açıqlama verən həkim-kosmetoloq Nurlana Miabi qeyd edib ki, indiki tendensiya təbii gözəlliyin daha çox dəbdə olmasından xəbər verir. Lakin bu da az xərclə başa gəlmir: “Özünə, təbii gözəlliyinə önəm verən orta statistik müştərilərimizin illik üzə baxım xərcləri təxminən 2000-3000 manat civarındadır. Elə xanımlar var ki, onlar birbaşa plastik əməliyyata gedir, orada artıq böyük məbləğlərdən söhbət gedir”.

Qadınlar arasında keçirdiyimiz sorğudan məlum oldu ki, orta statistik bir qadının geyim, saç və üz-dəri baxım vasitələrinə aylıq təxminən 300-500 manat ətrafında xərci çıxır.

Bəzi iqtisadçılar hesab edir ki, geyim xərcləri aylıq gəlirin 5 %-dən çox olmamalıdır. Amma bu norma deyil. Daha az xərcləyənlər də var, çox xərcləyənlər də. Məsələn, araşdırmalara görə, bir insan bir ay ərzində təkcə geyimə orta hesabla təxminən 161 dollar pul xərcləyir. Dörd nəfərdən ibarət ailənin illik geyim xərci təxminən 1800-2000 dollar civarında dəyişir. Digər araşdırmaya görə, qadınlar bir ayda orta hesabla təkcə geyimə 150-400 dollar pul xərcləyirlər. Bu rəqəm kişilərin xərcindən 40 % çoxdur.

Bütün yazılan, səslənən rəqəmlər aparılan sorğuların nəticəsidir və şübhəsiz ki, bu göstəricilər ölkələrə və fərdlərə görə dəyişir. Dəyişməyən isə bir fakt var: insan var olduqca, hər zaman görünüşü üçün pullar xərcləyəcək. Müşahidələr isə göstərir ki, çəkilən xərclər ildən-ilə artan xətlə inkişaf edir. Burada önəmli olan çəkilən xərcin ailə büdcəsinə külli miqdarda zərər vurmamasını təmin etməkdir.

Mövzu ilə bağlı araşdırmamız davam edir.