ABŞ-də federal məhkəmə bir proqram təminatı istehsalçısının müəllif hüquqlarını pozduğuna görə "Google"a 338,7 milyon dollar təzminat cəzası verib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, Texas ştatının Vako şəhərində federal məhkəmənin münsiflər heyəti proqram təminatı istehsalçısının patent (müəllif) hüquqlarını pozduğunu əsas gətirərək "Google"un 338,7 milyon dollar təzminat ödəməsi barədə qərar çıxarıb.
Mövzu ilə bağlı qiymətləndirməsində "Google" sözçülərindən biri şirkətin həmişə müstəqil şəkildə inkişaf etdiyini iddia edərək, qərara etiraz edəcəklərini bildirib.
Nyu-Yorkda yerləşən "Touchstream" şirkəti tərəfindən 2021-ci ildə qaldırılan iddiaya görə, şirkətin qurucusu David Strober 2010-cu ildə videoları smartfon kimi kiçik cihazlardan televizor kimi daha böyük cihazlara "köçürmək" üçün texnologiya icad edib.
"Google" "Touchstream" ilə 2011-ci ilin dekabrında həmin texnologiya haqqında müzakirə aparıb, lakin iki ay sonra maraqlanmadığını bildirib. Ardından 2013-cü ildə "Google" "Chromecast" media axın cihazlarını istifadəyə verib.
"Touchstream", "Google"un "Chromecast"ın onun yeniliklərini kopyaladığını və üç patentini pozduğunu iddia edib. "Google" isə patentlərin etibarsız olduğunu əsas gətirərək "Touchstream"in hüquqlarını pozduğunu təkzib edib.