Dövlət Gömrük Komitəsi sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, xarici iqtisadi ticarət fəaliyyəti zamanı şəffaflığın təmin edilməsi, gömrük prosedurlarının və sərhədkeçmə proseslərinin sadələşdirilməsi məqsədilə mütəmadi olaraq informasiya texnologiyalarına əsaslanan layihələr həyata keçirir. 

“Ticarət Statistikası Portalı” da gömrük orqanları tərəfindən hazırlanan növbəti layihədir. 

Məlumata görə, "Ticarət Statistikası Portalı"nın yaradılmasının  əsas məqsədi maraqlı tərəflər üçün Azərbaycan Respublikasının ticarət dövriyyəsini vizual olaraq sadə və maraqlı şəkildə təqdim etməkdir.

Bu portal Xarici İqtisadi Fəaliyyət iştirakçılarına ölkədəki bazarı təhlil etmək, eyni zamanda vahid rəqəmsal məkanda statistik məlumat əldə etmək imkanı verəcək. Portal sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən maraqlı tərəflərə statistik məlumatları  təqdim edərək, onların daha dəqiq biznes araşdırmasına dəstək olacaq. Bu da öz növbəsində ticarətdə rəqabət qabiliyyətliliyin artırılmasını zəmin yaradacaqdır. 

Portalın təqdim etdiyi digər yenilik Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının və ixrac gömrük rüsumlarının dərəcələri haqqında məlumatları daha müasir formatda maraqlı tərəflərə çatdırmaqdır. Komitə sahibkarlıq fəaliyyəti ilə bağlı idxal və ya ixrac zamanı malların rəsmiləşdirilməsi üçün tələb olunan sənədləri və sənədi verən orqanın adını publik qaydada təqdim edir