Neft və qaz sənayesinə avadanlıq və xidmət həllərinin təqdim edilməsi üzrə ixtisaslaşmış “Global Drilling Solutions” MMC nəqliyyat vasitələri ilə bağlı qaydalarını pozduğu üçün cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 339.1-ci (Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi və cərimənin alınması qaydalarının pozulması) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb. Hakim Orxan Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, sözügedən inzibati xətaya görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Qeyd edək ki, 2018-ci ildə dövlət qeydiyyatına alınmış MMC-nin qanuni təmsilçisi və baş meneceri Sədrətdin Yaqubov Fəxrətdin  oğludur. Şirkətin nizamnamə kapitalı 51000 AZN-dir. Global Drilling Solutions"  MMC-nin baş direktoru rusiyalı Rüstəm Habibulin adlı iş adamıdır.