Azərbaycanda qanunla dövriyyəsi məhdudlaşdırılmış gizli kamera cihazlarının satışının reklamı aparılır. "Tiktok" sosial şəbəkəsində gizli kameraların alqı-satqısı ilə reklam çarxlarına və müxtəlif informasiyalara tez-tez rast gəlinir. Təqdim olunan bu cür gizli mini kameraların xüsusi olaraq hamam otağı üçün hazırlandığı qeyd edilib. Belə ki, həmin mini cihazlar krantların və ya duş aksesuarlarının üzərində yerləşdirilərək gizli çəkiliş aparmaq xüsusiyyətinə malikdir. Amma gizli kameraların satışı qanunla qadağandır.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, müşahidə kameraları cinayətin qarşısının alınması məqsədilə istifadə olunsa da, gizli kameralar cinayətə şərait yaradır.
Onun sözlərinə görə, çünki gizli kameralar vasitəsilə icazəsiz çəkiliş aparılması şəxsi həyata birbaşa müdaxilədir. Ekspert söyləyib ki, gizli çəkiliş aparılması üçün nəzərdə tutulan cihazlardan fərqli olaraq, nəzarət-müşahidə kameralarının satışında heç bir qadağa yoxdur:
"Nəzarət-müşahidə kameraları hər hansısa obyektlərin təhlükəsizliyini təmin etmək üçündür. Bu kameralar baş verə biləcək hansısa cinayətin aşkarlanması, yaxud qarşısının alınması üçün quraşdırıla bilər. Amma buna baxmayaraq, hətta təhlükəsizlik məqsədilə quraşdırılsa belə müşahidə kameralarının ərazidə çəkiliş aparması ilə bağlı xəbərdaredici lövhənin olması mütləqdir".
E.Nurəliyev vurğulayıb ki, gizli kameraların dövriyyəsi isə qanunla qadağandır:
"Gizli kameraların hansısa obyektdə, ofis otaqlarında sanitar qovşaqlarda, soyunub-geyinmə otaqlarında və digər yerlərdə quraşdırılması qadağandır. Heç kimin ixtiyarı yoxdur ki, digər şəxslərin gizli görüntülərini əldə etsin və ictimailəşdirsin. Bu, yolverilməzdir. Gizli kameraların əldə olunaraq müxtəlif niyyətlər üçün istifadə olunması qanunaziddir".
Qeyd edək ki, gizli kameralardan qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız xüsusi xidmət orqanlarının əməkdaşları istifadə edə bilər. Adi vətəndaşların gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq istehsal etmə, satma və ya satış məqsədilə əldəetmə CM-nin 302.3-cü maddəsi ilə məsuliyyət yaradır və bu əmələ görə 2000 manatdan 5000 manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətəazadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.
Gülşən Şərif