Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə istinadən bəzi kütləvi informasiya vasitələrində Rusiyaya ixrac olunan 47.2 ton pomidor və 14 ton çiyələk məhsulunun geri qaytarılması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

İqtisadiyyat.az bildirir ki, AQTA-nın verdiyi məlumata görə, qeyd edilən məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri ilə bağlı hər hansı nöqsan müəyyən olunmayıb.

Uyğunsuzluq məhsulların etiket məlumatları ilə bağlı olub. Belə ki, məhsul partiyaları geri qaytarıldıqdan sonra çiyələklə bağlı etiket məlumatlarındakı uyğunsuzluq aradan qaldırılaraq sözügedən məhsullar 2023-cü il 24 iyul tarixində yenidən Rusiyaya ixrac edilib. Pomidor məhsulu isə sahibkarlıq subyekti tərəfindən etiket məlumatlarındakı uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra yenidən Rusiyaya ixracı həyata keçiriləcək.