“Son günlər yoluxma sayında azalmaların müşahidə edildiyini nəzərə alsaq, gələn aydan yumşaldılmaların olacağı istisna edilmir”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov deyib.

Millət vəkili xatırladıb ki, bir həftə sonra Azərbaycanda xüsusi karantin rejimi müddəti başa çatır:

“Mövcud vəziyyətə uyğun olaraq karantin tədbirlərinin yumşaldılması və bütövlükdə real sektordakı məhdudiyyətlərin bir qisminin aradan qaldırılması məqsədəuyğun olardı. Yaz aylarında Azərbaycanda sərt karantin tətbiq olunmadan yoluxma sayını lokallaşdırmaq mümkün oldu. Etiraf edək ki, Nazirlər Kabineti yanında operativ qərargah son aylar bu istiqamətdə təqdirəlayiq fəaliyyət həyata keçirdi”.

Onun sözlərinə görə, yoluxma sayının azalması və epidemioloji vəziyyətin uyğun olması yeni qərarların qəbul edilməsini istisna etmir:

“Bu kontekstdə biz təklif edirik ki, turizm mövsümünün yaxınlaşmasını nəzərə alsaq, Azərbaycana gəlişlə bağlı qaydaların yumşaldılması məqsədəuyğun olardı. Hazırda Azərbaycana gəlməklə bağlı xüsusi qaydalar qüvvədədir. Bu baxımdan daha məqsədəuyğun olardı ki, seçilmiş ölkələrdən müddətli neqativ test nəticəsinə malik olan əcnəbilərin də ölkəmizə səfərinə icazə verilsin.

Digər tərəfdən, AZAL bütün sərnişinlərdən uçuşdan 48 saat öncə alınmış koronavirus (COVID-19) neqativ PSR-testi haqqında çap edilmiş arayışı tələb edir. Son aylar reyslərin sayının az olduğunu nəzərə aldıqda tranzit uçuş edən sərnişinlər üçün bu bəzi hallarda çətinlik yaradır. Bu baxımdan, bir sıra digər ölkələrdə olduğu kimi bu müddətin 48 deyil, 72 saat müəyyənləşdirilməsi daha məqəsədəuyğundur”.

İqtisadiyyatda digər istiqamətlərdə də məhdudiyyətlərin yumşaldılmasının tərəfdarı olan Vüqar Bayramov bunun mərhələli şəkildə həyata keçirilə biləcəyini qeyd edib:

“Uzun müddət müzakirə olunan məsələlərdən biri də toyların keçirilməsinə icazə verilməsi və idman zallarının fəaliyyətə başlaması ilə bağlıdır. Fikrimcə, xüsusi qaydalar hazırlayıb tətbiq etməklə bu istiqamətdə yumşaldılmalara gedilməsi doğru olardı”.