Bu ilin fevral ayından etibarən ictimai nəqliyyatda gedişhaqqı artırılıb. Belə ki, şəhərdaxili avtobuslarda və Bakı metrosunda gediş haqqı 0,3 manatdan 0,4 manata qaldırılıb. Nəticədə artım 33% təşkil edib. Ümumilikdə şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında gediş məsafədən asılı olaraq 0,4-1 manat təşkil edir. Şəhərlərarası avtobus marşrutlarında hər km üçün 0,03 manat tarif müəyyən edilir. Halbuki əvvəllər bu tarif 0,024 manat idi. Tarif Şurasının açıqlamasına görə, sonuncu tənzimləmədən ötən müddətdə ehtiyat hissələrinin idxal qiymətinin və təmir xərclərinin artmasının sərnişindaşımada maya dəyərinə ciddi təsiri, daşıyıcı şirkətlərin maliyyə vəziyyəti, avtobus parklarının yenilənməsi və xidmətin davamlılığının təmin edilməsi ilə bağlı məsələlərin tarif tənzimlənməsinə zərurət yaratdığı bildirilir. 

Bütün hallarda gedişhaqqının artımı vətəndaşlar arasında narazılıq yaratmaqda davam edir. Belə ki, sosial vəziyyətin qiymət artımı ilə uzlaşmadığını əsas gətirən vətəndaşlar maddi cəhətdən əlavə xərclərinin çıxmasından şikayətçidirlər.

Mövzu ilə bağlı iqtisadçı Nazim Bəydəmirli İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, dövlət qurumlarının özəl şirkətlər açaraq iqtisadi fəaliyyətlə məşğul olması problemlərin daha da artmasına səbəb olur:

 

 

"Əslində xarici ölkələrdə sözügedən narazılığın yaranmaması üçün vaxta görə vahid ödəmə sistemi tətbiq olunub. Marşrut sahiblərinin bələdiyyə, şirkətlər və mülkiyyətçilərin olmasına baxmayaraq, elektron qeydiyyat sistemindən keçiblər və bu, vaxta görə kimin marşrut xəttindən nə qədər istifadə etməsini avtomatik şəkildə göstərir. Təəssüf ki, ölkəmizdə bu sahədə hökm sürən monopliya ucbatından daşıyıcı şirkətlərin böyüməsinə və normal sistemin tətbiqinə əngəl törədilir. Dövlət xətti ilə Bakı Nəqliyyat Agentliyi (BNA) yaradıldı. Daha sonra böyük məbləğ hesabına "BakuBus" şirkəti yaradıldı. Guya bu şirkət avtobus parkının yenilənməsinə yol açacaq. Əslində bu şirkət məmur sahibkarlığının nümunəsidir. Yəni praktiki olaraq tarif siyasətinin yenilənməsi və müəyyən standartların tətbiqi arzuolunan olsa da, daşıyıcı şirkətlərin sıradan çıxarılması halı müşahidə olunur. Bu gün nəqliyyat sahəsində inhisarçılıq baş alıb gedir, bazar iqtisadiyyatının tələblərinə əməl olunmur və rəqabət mühiti formalaşmayıb. Bu baxımdan Qərb təcrübəsindən yararlanmaq lazımdır ki, vətəndaşların narazılığı aradan qaldırılsın".

Bundan sonrakı dönəmdə gedişhaqqının aşağı salınmasının gözlənilən olmadığını vurğulayan iqtisadçı Eldəniz Əmirova görə, problemin qarşısını almaq üçün vətəndaşların sosial rifahı yüksəldilməlidir:

 

 

"Məlumdur ki, istənilən xidmətin müəyyən maya dəyəri var. Uzun illər idi ki, ictimai nəqliyyatda gedişhaqqı artımı olmurdu. Nəticədə xidmət səviyyəsi aşağı düşmüşdü və müəyyən şirkətlərin fəaliyyəti sıradan çıxmışdı. Çünki əvvəlki qiymətlə sərnişin daşımaq şirkətlər üçün rentabelli deyildi. Ona görə də qiymət artımı baş verdi. Səbəbindən asılı olmayaraq, qiymət artımının vətəndaşlar arasında etiraz doğurması başadüşüləndir. Bir insanın 30 gün ərzində hər gün ictimai nəqliyyatdan istifadə etməsini nəzərə alsaq, ortada böyük məbləğdə xərc yaranır. Reallıq budur ki, bu gün gedişhaqqının aşağı salınması mümkün deyil. Çünki bu gün maya dəyəri baha formalaşır. Yeganə çıxış yolu A nöqtəsindən 3 marşrut dəyişərək B nöqtəsinə gedən vətəndaşın əməkhaqqının artırılmasıdır". 

Tez-tez haqqında şikayətlər aldığımız xeyli müxtəlif marşrut xətləri üzrə işləyən avtobuslar var. Məsələn, Pirşağı sakinləri 179 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslardan, Yeni və Köhnə Günəşli sakinləri 55, 104, Ramanı sakinləri 162, Xırdalan sakinləri 119 nömrəli maştrut xətti üzrə işləyən avtobusların vəziyyətindən narazıdır. Sözsüz ki, narazı qalınan avtobusların sayı bizim qeyd etdiklərimizdən qat-qat çoxdur. Əgər gedişhaqları artırıldısa, niyə sərnişinlərin narazılığı hələ də davam edir? 

Ölkənin sərnişindaşıma xidmətinin bərbad vəziyyətdə olduğunu bildirən sosioloq Elçin Bayramlı hesab edir ki, sistemin vətəndaşlara sərf edən şəkildə yenidən qurulması məqsədəuyğundur:

 

 

"Dünya üzrə ən biabırçı nəqliyyat sistemi məhz Azərbaycandadır. Problemlər bitmək əvəzinə, getdikcə artır. Bu 30 ildə yeganə yenilik qiymətlərin tez-tez artmasıdır. Elə bir marşrut sistemi yaradılıb ki, şəhərin bir nöqtəsindən digər nöqtəsinə çatmaq üçün insanlar bir neçə marşrut dəyişmək məcburiyyətində qalır. Əvvəlki marşrutların 70 faizi ləğv olunub, bəziləri isə eyni xəttlə hərəkət edir. Avtobusların sayı azaldılıb, interval çoxaldılıb. Xidmət səviyyəsi isə çox aşağıdır. Bakı Nəqliyyat Agentliyi özəl daşıyıcı şirkətlərin hər cür özbaşınalıq etməsinə şərait yaradır. Məqsəd vətəndaşdan daha çox pulun qoparılmasıdır. Sərnişindaşıma nəqliyyatı sosial bir layihədir. Buna biznes infrastrukturu kimi baxmaq doğru deyil. Artıq elə bir vəziyyət yaradılıb ki, insanlar taksi xidmətindən istifadəyə üstünlük verirlər. Metrodan isə danışmağa dəyməz. Bütün yük metronun üzərinə düşdüyünə görə dəhşətli vəziyyət yaranıb. Yaxşı olar ki, Gürcüstan və Özbəkistanın təcrübəsindən istifadə olunsun və sərnişindaşımada normal vəziyyət yaradılsın".

Nəqliyyat eksperti İlqar Hüseynli isə öz növbəsində qeyd edib ki, vətəndaşlar birlik nümayiş etdirərsə, gedişhaqqının aşağı salınması baş verə bilər:

 

 

"Məlumdur ki, ictimai nəqliyyatda gedişhaqqının artması ilə bağlı qərar Tarif Şurasına bağlıdır. Təəssüf ki, Tarif Şurası heç vaxt cəmiyyətdə baş verəcək təzahürləri, ekspert rəylərini, verdiyi qərarın vətəndaşların sosial imkanlarına təsirlərini nəzərə almır. Halbuki  ictimai nəqliyyatdan daha çox istifadə edənlər aztəminatlı ailələr və maddi imkanı yetərincə olmayan insanlardır. Qiymətlərin artması həmin insanların daha çox maddi itkilərlə üzləşməsinə yol açır. Məsələn, bir ailənin 5 üzvü gün ərzində bir dəfə ictimai nəqliyyatdan istifadə edərsə, bu, artıq 4 manat tutur. Bir neçə marşrut dəyişiləcəksə, bu halda məbləğ də böyüyür. Onu da qeyd edim ki, bu gün avtobusların heç də hamısı yaxşı vəziyyətdə deyil. Xüsusən də Bakıətrafı kənd və qəsəbələrə işləyən marşrutlarla bağlı vəziyyət çox acınacaqlıdır. Sərnişinlərdən məsafədən asılı olmayaraq, sabit ödənişin tələb olunması da təəssüf doğurur. Bu, sərnişinlərlə sürücülər arasında ciddi problemlər yaradır. Fikrimcə, ümumilikdə gedişhaqqının aşağı salınması üçün vətəndaşlar müvafiq dövlət qurumlarına müraicət etməli və petisiyalar keçirməlidir. Yəni vətəndaşların müqavimətindən çox şey asılıdır". 

Gülşən Şərif