"Fransa yaxın vaxtlarda Ukraynaya hərbi personal göndərməyi düşünmür". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Çexiyanın "Pravo" qəzetinə müsahibəsində Fransa prezidenti Emmanuel Makron deyib.

Keçən həftə Parisdə 26 Aİ və NATO ölkəsinin nümayəndələrinin Ukrayna ilə bağlı görüşündə verdiyi bəyanatlara beynəlxalq reaksiyanı şərh edən Markon deyib: "Birliklərin (qoşun birləşmələrinin) istiqaməti ilə bağlı mənə verilən suallardan birinə cavab verərkən dedim ki, heç bir şey istisna edilmir".

"Bu o demək deyil ki, biz Fransa qoşunlarını yaxın vaxtlarda Ukraynaya göndərməyi düşünürük, ancaq müzakirə açırıq və Ukraynaya dəstək olmaq üçün edilə biləcək hər şeyi düşünürük", - Makron bildirib.

Onun sözlərinə görə, Paris görüşünün iştirakçıları əməkdaşlığın beş istiqaməti üzrə razılığa gəliblər: kiberməkanda müdafiənin təmin edilməsi; Ukrayna üçün hərbi texnikanın birgə istehsalı; Ukraynadakı münaqişəyə görə ən həssas olan ölkələrin, ilk növbədə Moldovanın təhlükəsizliyini təşviq etmək; Belarusla sərhədlərində Ukraynaya dəstək və minalardan təmizləmə əməliyyatlarında əməkdaşlıq.

"Bundan əlavə, mən həmişə müəyyən etdiyimiz çərçivəyə aydınlıq gətirmişəm: biz rus xalqına qarşı mübarizə aparmırıq və eskalasiya məntiqini rədd edirik", - Makron əlavə edib.