Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Bunun da başlıca səbəblərinin olduğunu söyləyən deputat bildirib ki, Ermənistan tərəfindən kiçik də olsa baş verə biləcək bütün toqquşmalarda baş nazir Paşinyanın “danılmaz” rolu vardır:  "Paşinyanın Ermənistanda reytinqi getdikcə aşağı düşür və bunun qarşısını almaq üçün onun yeniliyə ehtiyacı var. Ermənistan hakimiyyəti bu yeniliyi hərbi əməliyyatlarda və Azərbaycan üzərində kiçik də olsa, qələbə qazanmaqda görür. Həmçinin Ermənistanın arxasında duran Fransa və xüsusilə, Avropa İttifaqı bütün gücü ilə Cənubi Qafqazda yeni bir müharibə cəbhəsi açmağa çalışırlar. Qərb Ukrayna cəbhəsində istədiklərinə nail ola bilmədi. Onlar Avropadakı uğursuzluqlarının heyfini Cənubi Qafqazda almağa çalışır". 

M.Cəfərovun sözlərinə görə, əslində Ermənistan rəhbərliyi də yaxşı başa düşür ki, bu Qərbin məkirli planıdır: "Artıq Paşinyan hakimiyyətini Qərbin oyuncağı adlandırmaq onu təmizə çıxarmaq kimi bir şeydir. Çünki hazırda Ermənistanla Qərbin maraqları tam üst-üstə düşür. Dırnaqarası müttəfiqlərin məqsədlərinə nail olmaları üçün regionda müharibə lazımdır".

"Missiyaçı maskasına bürünən Avropa İttifaqının müşahidə ordusu da sərhəddə Azərbaycan Ordusu ilə bağlı kəşfiyyat məlumatlarını toplayaraq Ermənistana ötürməklə məşğuldur. Azərbaycan və Ermənistan sərhədində yerləşən müşahidəçilərin tək missiyası aldığı tapşırıq və tezislərə uyğun olaraq Azərbaycana qarşı çirkin bəyanat və addımlar atmaqdır. Onlar hələ ki, fəaliyyətlərini də dayandırmağa tələsmir. Qərbin təhriki və dəstəyi ilə Ermənistanın silahlanması Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə, kövrək sülh prosesinin pozulmasına və yeni müharibənin başlanmasına aparır. Gedişatdan da məlum olduğu kimi Qərb, xüsusən də Fransa Cənubi Qafqazda mövcud reallıqları qəbul etmək istəmir. Hər vəchlə sülh prosesinə mane olmağa çalışır, revanşizmə dəstək nümayiş etdirir".