"Finlandiya Rusiya ilə sərhədlərinin bağlanmasını daha iki ay müddətinə, aprelin 14-dək uzadacaq, çünki Moskvanın miqrantları sərhəddən keçirtmək üçün həyata keçirdiyi "hibrid əməliyyatı" dayandırdığına dair heç bir əlamət görmür".

İqtisadiyyat.az xəbər verir ki, bunu "Amerikanın Səsi" yazır.

Nəşr qeyd edir ki, 1340 kilometrlik sərhəd keçən ilin sonunda 1300-ə yaxın miqrant bir neçə ay ərzində Finlandiyaya lazımi sənədlər və vizalar olmadan gəldikdən sonra bağlanıb.

Helsinki hökuməti bildirib ki, Rusiyadan miqrasiya Finlandiyanın milli təhlükəsizliyinə və ictimai asayişin qorunmasına ciddi təhdiddir.

Hökumət Rusiya ilə sərhəddə keçid məntəqələrinin açılacağı təqdirdə belə miqrasiyanın bərpa olunacağını ehtimal edib.

Əlavə olunub ki, hökumət sərhəd xidmətinin, kəşfiyyat orqanlarının və digər idarələrin verdiyi məlumatlar əsasında belə bir nəticəyə gəlib.