Mineral xammal bazasının gücləndirilməsi məqsədilə bu ilin 8 ayı ərzində Kiçik və Böyük Qafqaz filiz rayonlarında, eləcə də Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında geoloji-kəşfiyyat işləri aparılıb.

Bunu Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.

O qeyd edib ki, ötən müddət ərzində Kiçik və Böyük Qafqaz filiz rayonları üzrə Göygöl, Buzluq, Küngüt sahələrində, Kəlbəcər və Laçın rayonu ərazilərində filiz və qeyri-filiz yataqlarında geoloji diaqnostika və qiymətləndirmə işləri həyata keçirilib. Eyni zamanda zəngin termal mineral suların yayıldığı Yuxarı və Aşağı İstisu, Minkənd, Tutxun, Mozçay, Qarasu yataqlarında hidrogeoloji monitorinq icra edilməklə, ötən 30 il ərzində regionun hidrorejimində baş vermiş dəyişikliklər müəyyənləşdirilib. “Yeraltı suların kadastrının tərtib edilməsi üzrə Füzuli və Ağdam rayonları ərazilərində 800-dən artıq quyuların və 59 kəhrizin təftişi aparılaraq kadastra daxil edilib”.

Ə.Əliyevin sözlərinə görə, hazırda bütövlükdə cənub bölgəsində geoloji, Cəlilabad-Masallı zonasında isə hidrogeoloji planaalma işləri, eləcə də respublika ərazisində regional şəbəkə üzrə yeraltı suların monitorinqi davam etdirilir.