Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb və İranın İsrailə qarşı əməliyyatından sonra bölgədəki vəziyyəti müzakirə edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS-a Ankaradakı diplomatik mənbə məlumat verib.

"Xarici işlər naziri Hakan Fidan bu gün ABŞ-nin dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb. İranın İsrailə cavab hücumundan sonra bölgədəki mövcud vəziyyət müzakirə edilib. Fidan regionda böhranın genişlənməsi və böyüməsi ehtimalından narahatlığını bildirib. O qeyd edib ki, Türkiyə dəfələrlə əvvəldən Qəzzada böhranın regional münaqişəyə çevrilmək riski daşıdığını bəyan edib", - mənbə bildirib.

Bununla əlaqədar olaraq, Fidan təcili atəşkəs elan edilməsi və Qəzzaya humanitar yardımın fasiləsiz çatdırılmasının təşkilinin zəruriliyini xatırladıb. O əlavə edib ki, əks halda böhran daha da pisləşməyə davam edəcək.