Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) "Nobel Elektrik" şirkətində nöqsanlar aşkarlayıb.

İqtisadiyyat.az xəbər verir ki, şirkətin əməyin mühafizəsi və istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının tələblərini pozduğu məlum olub.

Buna görə də DƏMX şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə əsasən, cərimə protokolu tərtib edib. Bu maddədə deyilir ki, normal əmək və istirahət rejiminə riayət edilməməsinə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

FHN və DƏMX-in şirkət barəsində İXM-nin 555.1-ci maddəsinə əsasən birgə tərtib etdiyi digər cərimə protokolunda isə deyilir ki, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

Hər iki protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib və hakim Gültəkin Əsədovanın sədrliyi ilə araşdırılacaq.