Dövlətin sığorta sektorunun inkişafı üçün tədbirlər görməsi, yeni layihələr və proqramların icrasına başlaması məlumdur. Hətta ölkə prezidenti cənab İlham Əliyev də “Diqlas” ticarət mərkəzindəki məlum hadisədən sonra sığorta sektorunda boşluqlar olduğunu və həmin boşluqların aradan qaldırılmasını bildirmişdir. Əksər dünya ölkələrində sığorta ən prioritet məsələ olmaqla, əhalinin marağını və inamını qazanır. Bizdə də bu istiqamətdə addımlar atılır. Lakin...

Lakin Azərbaycanda bu sahədə bəzən elə hadisələr baş verir ki, vətəndaşın sığortaya olan inamı yoxa çıxır.

Vətəndaş Budaqov Hamlet İsmayıl oğlu “Atəşgah” sığorta şirkətindən evinin sığorta ödənişini ala bilməməsi barədə İqtisadiyyat.Az-a şikayət məktubu ünvanlayıb. Belə ki, vətəndaş sahibliyində olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsi ilə Oktyabr küçələrinin kəsişməsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evini 28.10.2017-ci il tarixində “BA 779843” saylı “Atəşgah”da sığortalayıb. 04.12.2017-ci il tarixində baş verən güclü yağışlar nəticəsində ev yararsız hala düşüb. Sığortalı hadisə ilə bağlı sığorta şirkətinə məlumat verdikdə, şirkət işçiləri əmlaka baxsalar da, ödəniş barədə heç bir addım atmayıblar. Hesablamaya görə evə dəymiş zərərin ümumi məbləği 50 min manatdır.

“Atəşgah” sığorta şirkəti məbləği ödəməkdən boyun qaçırıb və dövlət qurumalrına müraciət etməyi vətəndaşa məsləhət görüb. Vətəndaş öz növbəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinə müraciət edib. Xidmətin əməkdaşları 06.02.2018-ci il tarixində rəy bildirirlər ki, həqiqətən yağış və atmosfer sularının təsirilə evin zirzəmi və divarlarında çatlar yaranıb. Şikayətçi həmin sənədlərlə sığorta şirkətinə müraciət etsə də, şirkət yenə ödənişdən boyun qaçıraraq, göstərilən səbəblərə ödənişin düşmədiyini bildirib. Evin sahibi Hamlet Budaqov bu dəfə məhkəməyə müraciət edir. Məhkəmə də işi icraata götürdükdən sonra ekpsertiza təyin edərək, vətəndaşın Fövqəladə Hallar Nazirliyinin Tikintidə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Baş Dövlət Layihə İnstitutuna müracəti etməsini istəyib. Həmin institutun eksperti, texniki şöbənin müdir müavini Xürrəm Xanmirzəyev də əmlaka baxış keçirdikdən sonra mütəxəssis rəyi yazarkən atmosfer və yağış suları nəticəsində torpaqda sürüşmə baş verdiyini və evə ziyan dəydiyini qeyd edib. Ancaq daha sonra hadisənin təbii fəlakət nəticəsində baş vermədiyini bildirib. Bütün mübahisələr də məhz bu rəydəki ziddiyyətdənbaşlayıb.

Məsələ ilə əlaqədar Xürrəm Xanmirzəyevlə əlaqə saxladığımız zaman verdiyi rəyin düzgün olduğunu bildirib: “Ev zəlzələ, sürüşmə yaxud sunami nəticəsində dağılmayıb ki? Həmin çökək ərazidə ev tikərkən vətəndaş bilmirdi ki, belə bir halla üzləşə bilər? Bir daha qeyd edirəm ki, vətəndaş Budaqov Hamletin əmlakına dəyən ziyanın təbii fəlakətlə heç bir əlaqəsi yoxdur. Əgər zərərçəkən verdiyim rəydən narazıdırsa, təkrar müraciət eləsin. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Baş Dövlət Layihə İnstitutunda məndən də savadlı ekspertlər var. Onlar baxış keçirsin, görək hansı rəyi bildirəcəklər?”

Sığorta hadisələri üzrə ekspert hüquqşünas İlkin İbrahimov məsələ ilə əlaqədar İqtisadiyyat.Az-a açıqlamasında mütəxəssis rəyinin düzgün olmadığını bildirib: “Mütəxəssis rəyində ziddiyyət açıq-aydın görünür. Əslində ekspertin sadaladığı bütün hallar sığorta hadisələrində təbii fəlakət hesab edilir. Təbii fəlakət o demək deyil ki, hökmən zəlzələ, yaxud sunami baş versin. Bu cür rəyin hansı səbəblə yazılması şübhə doğurur. Təəssüf ki, belə halların baş verməsi sığortaya qarşı inamı itirir. Sığorta sektorunun da adını batırırlar”.

Mövzunu diqqətdə saxlayacağıq.

Mehman Nəbiyev