BMT-nin İnkişaf Proqramı (UNDP) azərbaycanlı fermerlərin toxumun sertifikatlı olub-olmadığını yoxlamağa, istehsalçısını müəyyən etməyə imkan verən toxum.eagro.az saytını inkişaf etdirəcək.

Qurumdan  daxil olan məlumata görə, internet resursuna inglərin xüsusiyyətlərini yoxlamaq özəlliyi əlavə ediləcək.

“Qlobal əhəmiyyətli aqrobioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi” layihəsinin Akselerator Laboratoriyası ilə birgə hazırladığı portal kəndlilərin keyfiyyətsiz toxum satıcılarından qorunması, məhsuldarlığın yüksəldilməsi məqsədi daşıyır. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təklifi ilə hazırlanmış sayt Agentliyin toxum istehsalçılarına verdiyi sertifikatların elektron bazasıdır. Sayta daxil olan fermer almaq istədiyi dənli bitki toxumunun sertifikatındakı etiket nömrəsini müvafiq xanaya daxil etməklə və yaxud sadəcə, QR kodu skan etməklə toxum barədə lazımi məlumatı öyrənə bilər.

“Bizim vəzifəmiz Azərbaycan Hökumətinə yayıla bilən yeni həlləri sınaqdan keçirməkdə, proqram və layihələrin modernləşdirilməsində dəstək verməkdir. Ötən məhsul ilində istifadəyə verilmiş saytdan bu il daha çox fermerin faydalanacağına əminik” – UNDP-nin akselerator laboratoriyasının araşdırmalar üzrə rəhbəri Leyla Seyidzadə belə bildirib.

“Qlobal əhəmiyyətli aqrobioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi” layihəsinin meneceri Fərid Abbasov sertifikatlaşdırılmış tinglərdən istifadənin fermerlər üçün çox vacib olduğunu qeyd edib: “Tinglərin bar verən ağaca çevrilməsi üçün fermer bir neçə il əziyyət çəkir və məhsul zamanı istədiyi tingi almadığını, bəzən hətta bağının müxtəlif ağaclardan ibarət olduğunu müşahidə edir. Sistemdə edəcəyimiz yenilik fermerlərin belə problemlə rastlaşmamasına imkan yaradacaq”.

UNDP hazırda Azərbaycanda müxtəlif sahələr üzrə inkişafı dəstəkləyən 30-a yaxın layihə icra edir. Proqramın əsas tərəfdaşı Azərbaycan hökumətidir.