Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov həbs olunması ilə bağlı mətbuatda yayılan xəbərlər haqda açıqlama ilə çıxış edib.

“Yeni Sabah”a daxil olan müraciətdə F. Əhmədov bildirib ki, son günlər barəsində həqiqətə uyğun olmayan məlumatlar yayılıb:

“KİV-də mənim DTX tərəfindən saxlanılmağım, mənə məxsus evlərdə axtarış aparılması və mənim casusluqda ittiham olunduğum haqda absurd ittihamlar səsləndirilir.

Mənim DTX tərəfindən saxlanılmağım və mənə qarşı hər hansı ittihamların irəli sürülməsi haqda məlumatlar həqiqətə uyğun deyil.

Tədqiqat və istintaq orqanlarına dəvət olunmaq cinayətdə ittiham olunmaq demək deyil.

Əfsuslar olsun ki, bu gün informasiya vasitələri gündəmdə qalmaq üçün mənim adımdan istifadə edirlər. Mənimlə bağlı əks-reklam xarakterli yazılar dərc olunur. Mən Rusiya Federasiyasının vətəndaşı olmaqla yanaşı azərbaycanlıyam və istər əvvəllər mövcud olmuş siyasi fəaliyyətimdə, istərsə də biznes fəaliyyətimdə vətənim olan Azərbaycana qulluq etmişəm”.

F. Əhmədov həmçinin qeyd edib ki, bu tipli yazıların dərc olunması onun nüfuzdan salınmasına xidmət edir.

10:10

Bir neçə gündür tanınmış iş adamı Fərhad Əhmədovun saxlamılması ilə bağlı xəbərlər yayılır.

İqtisadiyyat.az xəbər verir ki, demokrat.az isə artıq adıçəkilən şəxsin konkret olaraq DTX tərəfindən saxlanıldığını yazıb.

Məlumata görə, bir neçə gün öncə iş adamının Bakı, Göyçay və İsmayıllı rayonlarındakı obyektlərində axtarışlar aparılıb. 

Axtarışlar zamanı milyarder Fərhad Əhmədov Rusiyaya casusluq etməkdə şübhəli bilindiyi üçün saxlanılıb. 

Məlumata görə, saxlanılan Fərhad Əhmədovun istintaq idarəsində ifadəsi alınıb.

İş adamı təqribən 10 saata yaxın istintaqda dindirilib. Daha sonra isə milyarderdən Azərbaycanı tərk etməmək barədə yazılı öhdəlik alınıb.

Hazırda F.Əhmədovun barəsində istintaq davam edir.

Hadisə ilə bağlı hələlik heç bir rəsmi açııqlama verilməyib.

Xatırladaq ki, Fərhad Əhmədovun Azərbaycandakı əsas sərvəti Göyçaydakı “Aznar” meyvə şirəsi zavodudur. İş adamı 2022-ci il üçün "Forbes"də rusiyalı milyarderlərin siyahısında 1,7 milyard dollar sərvəti ilə 49-cu yeri tutur.

Fərhad Əhmədov 2022-ci ilin aprelində Avropa İttifaqı və Böyük Britaniya tərəfindən sanksiyalara məruz qalan rusiyalı zənginlərin siyahısında yer alır