“Facebook” gələn həftə adını dəyişməyi planlaşdırır.

Bu barədə “Verge” öz mənbələrinə istinadla xəbər verir.

“Facebook “metakainat”ın qurulması yönündə diqqətini əks etdirmək üçün gələn həftə adını dəyişdirməyi planlaşdırır”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, şirkətin qurucusu Mark Zukerberqin virtual dünya – “metakainat” planları barədə cari ilin iyul ayında məlum olmuşdu. Onun sözlərinə görə, istifadəçilər bu virtual aləmdə bir-birini görüb-eşitməklə yanaşı, həm də fiziki olaraq hiss edə biləcəklər:

“Gələcəkdə siz mənim divanımda holoqram kimi otura bilərsiniz və bu həqiqətən də hiss olunacaq. Sanki biz müxtəlif ştatlarda olmağımıza baxmayaraq eyni yerdəyik”, - deyə o, bildirmişdi.

Şirkətin rəhbəri Mark Zukerberg hesab edir ki, “metakainat” - yaradıcı peşə işçilərini, şəhərin mərkəzindən uzaqda yaşamaq və işləmək istəyənlər, həmçinin təhsil və ya rekreasiya obyektlərinə məhdud girişi olanlar üçün geniş imkanlar yaradacaq.

Onu da xatırladaq ki, avqust ayında şirkət, video konfrans vasitəsi, yaxud “Oculus VR” virtual reallıq qulaqlığından istifadə etməklə bağlana bilən “Horizon Workroom” virtual ofisini təqdim etmişdi.