Meta şirkəti iş elanları ilə istifadəçiləri hədəf alan alqoritmin ayrı-seçkilik olduğunu iddia edən dörd yeni şikayətlə üzləşib.

İqtisadiyyat.az bildirir ki, iddialar beynəlxalq qeyri-kommersiya təşkilatı Global Witness-in araşdırmasına əsaslanır və Facebook-un reklam platformasının “gender stereotiplərinə əsaslanan iş elanları” ilə istifadəçiləri hədəf aldığını göstərir.

Global Witness-in əldə etdiyi məlumatlara görə, məsələn, mexaniki vəzifələr üçün iş elanları daha çox kişi istifadəçilərə, məktəbəqədər müəllimlər üçün elanlar isə daha çox qadın istifadəçilərə göstərilir.

Global Witness-in kampaniya strategiyasına rəhbərlik edən Naomi Hirst CNN-ə açıqlamasında əlavə edib ki, alqoritmik qərəz qlobal problemdir:

“Bizim narahatlığımız ondan ibarətdir ki, Facebook cəmiyyətdə yaşadığımız ön mühakimələri gücləndirir və əslində iş yerində irəliləyiş və bərabərlik imkanlarına kölgə salır”.

Qeyd edək ki, qeyri-kommersiya təşkilatı “Clara Wichmann” və “Fondation des Femmes” və bir neçə qrup Meta-nın qanunları pozub-pozmadığını araşdırmağa çağırır.