Azərbaycanda ev alqı-satqı sahəsində ən aktual mövzulardan biri də müştərilərə təqdim olunan “peredelka” mənzillərdir. Bunlar orijinal bir otaqlıdan iki otaqlıya, iki otaqlıdan 3 otaqlıya və s. düzələn mənzillərdir. Bir çox hallarda ortaya çıxan problem isə vasitəçilər tərəfindən bunun gizlədilməsinə cəhd göstərilməsidir. Sonradan isə bu mənzillərin bir sıra problemləri ortaya çıxır.
Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə İqtisadiyyat.az-a açıqlama öz fikirlərini bölüşüb. O bildirib ki, vasitəçilər bir çox hallarda vətəndaşları aldatmağa çalışır:
“Vasitəçilər mənzil satışı ilə bağlı elan verərkən həm sahələrini, həm də otaq saylarını yalnışlıqla yazırlar. Çox yaxşı olardı ki, mənzilin çıxarışında sahəsi və otaq sayı nə qədər göstərilirsə, elə qeyd edilsin. Vətəndaşlar elanda başqa məlumatı görür, reallıqda isə tamam başqa mənzərənin şahidi olurlar. Bu isə çox zaman əqdlərin pozulmasına səbəb olur və eyni zamanda elan saytlarındakı məlumatların etibarlılığına inamı da azaldır. Çox təəssüflər olsun ki, bunu da edən “makler”lərdir”.
Mütəxəssisin sözlərinə görə, bəzi hallarda “makler”lər bir otaqlı olan mənzili iki otaqlı kimi təqdim edirlər: “Mətbəxı eyvan sahəsinə çıxarırlar, mətbəxin öz real sahəsini isə otaq kimi təqdim edirlər. Müvafiq standartlara uyğun olaraq 12 kvadrat metrdən az olan sahənin otaq kimi adlandırılması düzgün deyil. Bir çox hallarda mətbəxlər 6 və ya 9 kvadratmetr təşkil edir və onu elan saytlarına otaq kimi təqdim edirlər. Yaxşı olar ki, vətəndaşlar diqqətli olsunlar, hər hansı elan saytlarında gördükləri məlumatı dəqiqləşdirsinlər. Çünki köhnə tikili mənzillərdə bu hala daha çox rast gəlinir”.
Elçin Mehdiyev