"Azsığorta" Açıq Səhmdar Cəmiyyəti "EuroHome" tikinti materialları bazarını yenidən məhkəməyə verib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, ASC bu dəfə bazar və onun rəhbərinə qarşı yeni iddia qaldırıb.

Belə ki, "Azsığorta" məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

İşin mahiyyəti hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas), hüquqi şəxsin müflis olması üzrə) ilə bağlıdır.

Məhkəmə işində cavabdeh şəxs kimi isə bazarın sahibi Azay Möhnətov və onun bazarda vəzifə tutan oğlu Aqil Möhnətov tanınıb.

Məhkəmə işi icraata götürülüb və iddia hakim Vüsalə Baxışovanın sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, bundan əvvəl "Azsığorta" sığorta müqaviləsi üzrə mübahisələr ilə bağlı bazarı, rəhbərini və onun oğlunu məhkəməyə verib.

Xatırladaq ki, "EuroHome" ticarət mərkəzi isə 2012-ci ildə nəhəng inşaat materialları bazarı kimi hektarlarla ərazidə tikilib. 2019-cu ildə və 2020-ci ildə bazarda iki böyük yanğın baş verib. Həmin vaxt bazardakı sahibkarların mallarının sığortası məsələsi də gündəmə gəlib.

Azay Möhnətov həmçinin, AF Holdinq Şirkətlər Qrupunun və “Uğur-97” şirkətinin prezidentidir. İş adamının ölkədə nəhəng bina tikintisi ilə də məşğul olduğu qeyd edilir.