Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qazilərin əlilliyin təyinatı ilə bağlı narazılığına münasibət bildirib. 

Qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib ki, Vətən müharibəsi iştirakçılarının müraciətlərinə nazirlik tərəfindən daim xüsusi qayğı və həssaslıqla yanaşılır:

“Bu gün nazirliyə müraciət edən bir qrup müharibə iştirakçısı da nazirliyin rəhbər vəzifəli şəxsləri tərəfindən diqqətlə dinlənilib. Onların müraciətləri əlilliyin qiymətləndirilməsi məsələləri ilə bağlı olub. Hər bir müraciət qeydiyyata alınıb və araşdırılaraq nəticəsinə uyğun tədbirlər görüləcək.

Qəbul zamanı bildirilib ki, Vətən müharibəsində yaralanmış və müalicə müddəti bitmiş hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi üçün aidiyyəti qurumlarla birgə işlər davam etdirilir. Həmin hərbçilərdən artıq 3 min nəfərə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik və müvafiq sosial ödənişlər təyin edilib. 

Təqdim edilən göndəriş və şəhadətnamədə əksini tapan diaqnoz, eləcə də hazırkı sağlamlıq vəziyyəti əlillik təyinatına əsas yaradan hər bir şəxsə müvafiq əlillik dərəcəsi təyin edilir”.

“Onu da bildirək ki, müraciət edən müharibə iştirakçılarından bəziləri nazirliyin qəbul şöbəsində təhdidedici hərəkətlər edərək, buradakı kompüter avadanlıqlarını, giriş qapısını, turniketi sındırıb, dövlət əmlakına ziyan vurublar. Bununla əlaqədar da tədbirlər görüləcək. Gələnlərin bir çoxunun da əlilliyi daha öncədən təyin edilib”, - deyə qeyd edilib.