Məşhur fransalı aktrisa və “Oskar” mükafatı laureatı Jülyet Binoş Fransada pensiya islahatlarına qarşı keçirilən etirazlara qoşulub.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, “İngilis pasiyent” filminin ulduzu 300 digər kinematoqraf, o cümlədən “Oskar” mükafatlı fransız rejissor Mişel Xazanaviçius (“Artist” filmi) ilə birlikdə Fransa Prezidenti Emmanuel Makrona pensiya layihəsinin geri götürülməsini tələb edən açıq kollektiv məktub imzalayıb.

“Siz ədalətsiz, səmərəsiz və əhalinin ən həssas təbəqələrinə daha ciddi təsir göstərən pensiya islahatı həyata keçirmək qərarına gəldiniz. Sizin islahatınız ölkə vətəndaşlarının böyük əksəriyyəti tərəfindən rədd edildi”, - məktubda deyilir.

Qeyd edək ki, davam edən etirazlara, tətillərə baxmayaraq, keçən həftə Fransa hökuməti pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.