Estoniya 2025-ci ilin yazında Emaridə sursat istehsalına başlayacaq.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Estoniyanın "Delfi" portalı məlumat yayıb.
Estoniya Dövlət Müdafiə İnvestisiyaları Mərkəzi (RKIK) tərəfindən keçirilən tenderin nəticələrinə əsasən, "Nitrotol OÜ" şirkəti Emaridə sursat istehsalına başlayacaq. Şirkət təxminən 8900 kvadrat metr sahəsi olan bir ərazini istifadəyə alacaq və burada müvəqqəti istehsalat binaları tikərək lazımi avadanlıqlarla təchiz edəcək.
Estoniyanın müdafiə naziri Hanno Pevkur qeyd edib: "Mövcud təhlükəsizlik vəziyyəti bizdən Estoniyanın müdafiə və hərbi sənayesini sürətlə inkişaf etdirməyi tələb edir".
Eyni zamanda Estoniya daha böyük bir müdafiə sənayesi parkının yaradılması üzrə dövlət planı üzərində işləri davam etdirir. Nazir vurğulayıb ki, bu addımlar Estoniyanın müdafiə qabiliyyətini gücləndirəcək, yeni iş yerləri yaradacaq və ölkə iqtisadiyyatına töhfə verəcək.