“Bu gün regionda sülhün bərqərar olması, sülh müqaviləsinin imzalanması üçün əsas əngəllərdən biri Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer almasıdır”.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

O xatırladıb ki, sülh müqaviləsinin imzalanması ilə bağlı təşəbbüs məhz Azərbaycan tərəfindən irəli sürülüb:

Deputat bildirib ki, Azərbaycan sülh müqaviləsinin imzalanması istiqamətində bütün zəruri addımları atıb və prinsiplər irəli sürüb: “Lakin Ermənstan özünü sülh tərəfdarı kimi təqdim etməyə çalışsa da, əməldə heç bir addım atmır, sülh danışıqları ətrafında spekulasiya edir. Ermənistanın hələ də konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılması isə bağlı dəyişiklik etməkdən yayınması bu ölkənin sülh müqaviləsini imzalamqda maraqlı olmadığını aydın göstərir. Bir ölkənin konstitusiyasında digər bir ölkəyə qarşı ərazi iddialarının mövcud olması beynəlxalq praktikada yolverilməzdir. Azərbaycanın bu iddiaların aradan qaldırılması ilə bağlı tələbi beynəlxalq qanunvericiliyə tam uyğundur”.

A.Həsənova söyləyib ki, sülh müqaviləsinin imzalanmasında əngəllərdən biri də Minsk qrupunun hələ də ləğv olunmamasıdır: “Minsk qrupu öz aktuallığını çoxdan itirib. Minsk qrupu yaradılarkən onun missiyası münaqişəni həll etmək idi. Lakin əfsuslar olsun ki, uzun müddət səmərəsiz fəaliyyət göstərməklə, qeyri-konstruktiv mövqe nümayiş etdirməklə Minsk qrupu ona olan etimadı tam itirdi. Belə ki, Minsk qrupu öz missiyasının ziddinə fəaliyyət göstərərək münaqişəni həll etmək əvəzinə işğalçıya dəstək göstərdi, münaqişəni dondurulmuş münaqişəyə çevirməyə çalışdı. Lakin Azərbaycan onların bu məkirli niyyətinin baş tutmasına imkan vermədi, 44 günlük Vətən müharibəsində tarixi Zəfəri və antiterror əməliyyatları ilə öz torpaqlarını işğaldan azad etdi, suverenliyini tam bərpa etdi. Bu gün isə reallıqlar tamamilə başqadır. Azad olunmuş ərazilərimiz sürətlə bərpa edilir və keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Bu baxmdan Minsk qrupu ən qısa zamanda ləğv edilməli və tarixin arxivinə göndərilməlidir”.

Deputat hesab edir ki, Ermənistan yaxşı düşünməli və sülh müqaviləsinin imzalanması yoluna olan əngəlləri aradan qaldırmalıdır: “Çünki Ermənistanı hazırda düşdüyü çətin durumdan heç bir havadarı xilas edə bilməyəcək. Ermənistanın yalnız bir seçimi var, o da Azərbaycanla münasibətləri normallaşdırmaq, sülh müqaviləsini imzalamaqdır”.