Ermənistanın Türkiyə ilə sərhəddə gömrük postu açmaq üçün işlərə yenidən başladığı məlum olub. 

İqtisadiyyat.az bu barədə Ermənistanın "Hraparak" nəşrinə istinadən xəbər verir. Məlumatda qeyd olunub ki, avqustda Ermənistanın Dövlət Gəlirləri Komitəsi Ermənistan-Türkiyə sərhədində “Marqara” gömrük-keçid məntəqəsinin tikintisi üzrə podratçı ilə müqavilə imzalayıb. 

Gömrük postunun açılması üzrə işlərin ikinci mərhələsi çərçivəsində "Artcon" şirkəti ilə 630 milyon dramlıq (2 milyon 807 min manat) müqavilə imzalanıb.

Qeyd edək ki, fevral ayında Türkiyə dəhşətli zəlzələdən sonra Ermənistanın göndərdiyi humanitar yardımı qəbul etmək üçün "Marqara" keçid məntəqəsini müvəqqəti olaraq açıb, humanitar yardımın qəbulundan sonra həmin yol yenidən bağlanıb.  

Gömrük məntəqəsinin tikilməsi barədə məlumat isə iyulun 13-də Ermənistan hökuməti nümayəndələrinin açıqlamasından sonra ictimaiyyətə məlum olub.