Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov deyib.

Onun sözlərinə görə, bu gün Fransa başda olmaqla bəzi Avropa dövlətləri ağır cinayət törətmiş bir cinayətkarın əlinə yeni və daha təhlükəli silahlar verməklə onu sanki residiv cinayətkarlığa təşviq edir: “Lakin unudulmamalıdır ki, residiv cinayətkarlıqla bağlı cinayət hüququnda belə bir prinsip var ki, residiv cinayətkarlığın cəzası daha ağır olur. Fransanın Ermənistanı residiv cinayətkarlığa təşviq etməsi də, məhz cinayətdə iştirakçılıqdır. Odur ki, əgər Ermənistan yenidən Azərbaycan torpaqlarını işğal etmək fikrinə düşərsə, bu zaman özü daha ağır cəza ilə, daha təhlükəli durumla qarşılaşa bilər”.

N.Həsənov vurğulayıb ki, Ermənistanın silahlandırılması, Ermənistanda revanşizm əhval-ruhiyyəsinin güclənməsinə təkan vermək, xüsusilə Fransanın Ermənistanı hərbi cəhətdən dəstəkləməsi regionda sülh prosesinə və Azərbaycanın təhlükəsizliyinə təhdidlər yaradır:

“Bu gərginlik tək Ermənistan Azərbaycan münasibətlərində yox, həm də bütün Cənubi Qafqazın təhlükəsizliyini təhdid edir. Qərbin bəzi dövlətlərinin təhriki ilə Ermənistanın hərbi hazırlığı müharibə riskini artırır və sülh prosesinin pozulmasına səbəb ola bilər. Regionda gərginliyin daha da artmaması üçün beynəlxalq ictimaiyyətin, xüsusilə bəzi Avropa dövlətlərinin bunu nəzərə alması və Ermənistanı silahlandırmaqla bağlı öz siyasətlərini bir daha nəzərdən keçirməsi vacibdir. Cənubi Qafqazda yeni müharibənin qarşısının alınması üçün sülh və dialoq mühüm əhəmiyyət kəsb edir. Azərbaycan hər zaman cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, istənilən təhlükəni, istənilən zaman və istənilən yerdə məhv etmə gücünə sahibdir”.