“Ermənistan tərəfindən görülmüş bu cinayətlər hərbi və siyasi təxribatlar kimi qiymətləndirilməlidir”. 

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə baş verən erməni təxribatı ilə bağlı keçirilən brifinqdə bildirib.

“Hərbi təxribatlarının mahiyyəti aydındır. Azərbaycanın mülki şəxslərinə xələl yetirmək və ölüm hallarına səbəb olmaq. Bununla da onlar guya Azərbaycan xalqını qorxutmaq və çəkindirmək, panikaya salmaq məqsədi güdürlər.

Lakin, bu mümkün olmayacaq. Azərbaycan xalqı yaşadığı yerlərdə, yaşadığı məntəqələrdə çox möhkəmdirlər. Xalqımız dövlətimiz ətrafında səfərbərdir. Siyasi təxribatlara gəldikdə isə Ermənistan Azərbaycan silahlı qüvvələrini təhrik etməyə çalışır və bundan da Azərbaycana qarşı istifadə etmək, üçüncü tərəfləri münaqişəyə cəlb etmək istəyir. Lakin Azərbaycan silahlı qüvvələri öz ərazilərini işğaldan azad etmə məqsədilə “sülhə məcburetmə” əməliyyatları çərçivəsində legitim hərbi hədəfləri sıradan çıxartmaqdadır”, - deyə, o bildirib.