“44 günlük Vətən müharibəsindən ötən dövr ərzində Ermənistan istər 10 noyabr bəyanatını, istərsə də ondan sonra imzalanmış Soçi, Praqa və digər bəyanatları hələ də icra etmir”.
Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O vurğulayıb ki, Azərbaycan regionda sülhün və sabtliyin bərqərar olması istiqamətində zəruri addımları atır: “Azərbaycan bəyanatlara əsasən, üzərinə düşən vəzifələri və öhdəlikləri yerinə yetirdiyi halda Ermənistan hələ də qeyri-konstruktiv mövqe nümayiş etdirərək bəyanatların tələblərini yerinə yetirməkdən yayınır, regionda sülhün bərqərar olması prosesinə mane olur. Azərbaycan sülh müqaviləsinin imzalanması ilə bağlı təşəbbüslə çıxış edib, bu istiqamətdə prinsiplər irəli sürüb.
Lakin əfsuslar olsun ki, Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının mövcud olması və eyni zamanda Ermənistanın spekulativ addımları sülh müqaviləsinin imzalanmasına ciddi maneələr törədir. Ermənistan hələ də anlamır ki, konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları mövcud olduğu halda sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz. Ermənistan ilk növbədə bu ərazi iddialarını aradan qaldırmalıdır. Dünyanın heç bir ölkəsinin konstitusiyasında digər ölkəyə qarşı ərazi iddası yoxdur”.
Deputat əlavə edib ki, digər tərəfdən Ermənistan Zəngəzur dəhlizinin açılmasına maneçilik törədir: “Hesab edirəm ki, Ermənistan bu məsələni də uzatmamalıdır. Bu gün regionda sülh, yeni əməkdaşlıq imkanları Azərbaycandan çox Ermənistana lazımdır. Nə qədər ki, şans var, Ermənistan bundan istifadə etməlidir. Çünki Ermənistanın başqa seçimi yoxdur. Əks halda Ermənistan daha çətin vəziyyətlə üzləşəcək.
Ermənistan anlamalıdır ki, yeni reallıq fonunda əməkdaşlıq üçün sülh müqaviləsi imzalanmalıdır. Bunun alternativi yoxdur. Əks halda, Ermənistan düşdüyü çətin durumdan çıxa bilməyəcək və daha ağır böhranla üzləşməli olacaq”.