Türkiyənin Mərkəzi Seçki Komissiyası seçkilərin yekun nəticələrini açıqladıqdan sonra Rəcəb Tayyib Ərdoğanın prezidentliyi tam rəsmiləşdi. Türkiyə xalqının bu seçimi regional və beynəlxalq siyasi arenada hansı nəticəni verəcək? R.T.Ərdoğanın yenidən prezident seçilməsinin hansı siyasi təsirləri olacaq? 

İqtisadiyyat.az-ın suallarını cavablandıran politoloq Anar Əliyev seçkilərdən əvvəl Qərbin gözləntilərinin fərqli olduğuna diqqət çəkib: "Türkiyədə prezident seçkiləri bütün dünyanın diqqət mərkəzində idi. Xüsusilə Orta Şərqdə ciddi maraqları olan və yeni dünya düzəninin formalaşması istiqamətində öz iddialarını ortaya qoyan böyük güclər tərəfindən ciddi şəkildə izlənilirdi. Yeri gəlmişkən, seçkilər öncəsi Türkiyədə hakimiyyət dəyişikliyi gözlənilirdi. Hesab edilirdi ki, xüsusilə Qərbə daha yaxınlığı ilə seçilən, Qərbin Orta Şərq siyasətində onların maraqlarına xidmət edən mövqe sərgiləyəcək Kamal Kılıçdaroğlu hakimiyyətə gələcək. Bununla da Türkiyənin i̇ndiyə qədər həm İslam dünyasında, həm də Orta Şərqdə, eyni zamanda Türk dünyasında formalaşdırdığı kifayət qədər ciddi imic sual altına düşə bilərdi. Çünki mövcud hakimiyət Türkiyəni Qərbdən asılılıqdan çıxarmaqla müstəqil xarici siyasət yeritməyi bacaran və özünün dövlət maraqlarını başda tutan bir dövlətə çevirməyi bacarıb. Ərdoğan və komandasına qarşı kənardan aparılan informasiya müharibəsinin də əsas hədəfi Türkiyəni yenidən 80-90-cı illərdəki kənardan sifariş əsasında idarə olunan zəif iqtisadiyyata və asılı xarici siyasətə sahib bir dövlətə çevirmək idi". 

Politoloqun fikricə, Türkiyə xalqı məhz bu iki fərq arasında seçim etdi: "Seçicilər güclü Türkiyə ilə buyruq qulu olan, əlaltı olan Türkiyənin fərqinə səs vermiş oldular. İnkişaf edən, güclənən Türkiyəyə, Türk dünyasının birliyinə səs vermiş oldular".

A.Əliyev R.T.Ərdoğanın yenidən prezident seçilməsinin bölgəyə və Azərbaycana təsirlərini xüsusilə vurğulayıb: "Hesab edirəm ki, bundan sonra da Ərdoğanın rəhbərliyi altında Türkiyə dövləti həm Cənubi Qafqazda, həm Türk, həm də İslam dünyasında öz nüfuzunu daha da artıracaq. Türkiyə xalqı bütün zərbələrə qarşı məhz Ərdoğanın rəhbərliyi altında milli mövqe nümayiş etdirərək bir sipər rolunu oynayacaq və bu, Türkiynin böyüməsinə, qlobal güc səviyyəsinə qalxmasına xidmət edəcək. Bu həm də təbii ki, Azərbaycanın bölgəmizdəki nüfuzunun təsirlərinin genişlənməsi deməkdir. Çünki mövcud Türkiyə hakimiyyəti ilə Azərbaycan hakimiyyəti, xüsusilə hökumət başçıları Ərdoğanla İlham Əliyev arasındakı qardaşlıq münasibəti dövlətimizin mövqeyinin də güclənməsinə xidmət edir. Bundan başqa, bu məqam Ermənistanla münasibətlərin Azərbaycanın maraqları baxımından tənzimlənməsinə əsas təsiredici faktorlardan biri olaraq qalacaq".