Yaya qədər Türkiyə İraqla sərhədinin tam təhlükəsizliyini təmin edəcək, burada mütəmadi olaraq terrorçu PKK yaraqlılarına qarşı əməliyyatlar keçirəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Batman şəhərində keçirilən mitinqdə deyib.

"PKK-nın torpaqlarımızda mövcudluğu sona çatıb. Bu ilin yayına qədər biz İraqla sərhədimizi təmin edəcəyik", - Ərdoğan qeyd edib. 

Vaşinqtonun PKK-ya dəstəyinə toxunan Ərdoğan əlavə edib: "Biz hakimiyyətdə olduğumuz müddətdə heç kim köhnə qaranlıq günləri geri qaytara bilməyəcək. Heç kim terror təşkilatlarından istifadə edərək Türkiyəni manipulyasiya edə bilməyəcək".

Türkiyə İraq və Suriyanın şimalında PKK-ya qarşı geniş sərhədyanı hərbi əməliyyat keçirmə imkanını aktiv şəkildə müzakirə edir. Onun nəticələrinə əsasən, İraqda 40 km-ə qədər dərinlikdə təhlükəsizlik zonasının yaradılması planlaşdırılır. Oxşar zona Suriyanın şimalında da yaradıla bilər.