Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən diplomatik forumda Macarıstanın baş naziri Viktor Orbanı qəbul edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyası məlumat yayıb.

"Görüş zamanı Türkiyə və Macarıstan münasibətləri, İsrailin Fələstin xalqına hücumları, Rusiya-Ukrayna münaqişəsinin hazırkı vəziyyəti, Türkiyə ilə Avropa İttifaqı arasındakı münasibətlər və NATO-nun genişlənməsi prosesi müzakirə edilib", - deyə administrasiyadan bildirilib.

Ərdoğan deyib: "Türkiyə ilə Macarıstan arasında əlaqələr bir çox sahələrdə - enerjidən nəqliyyata, iqtisadiyyatdan müdafiə sənayesinə qədər möhkəmlənməyə davam edəcək". Türkiyə lideri həmçinin bütün ölkələrin İsrailin Qəzza zolağında soyqırım cəhdinin qarşısının alınması öhdəliyi götürməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə bütün davam edən münaqişələr kontekstində sülhün tərəfdarıdır və həllinə kömək etmək üçün qətiyyətli addımlar atmağa davam edəcək.