"Yaxın zamanlarda nəqliyyatı etibarnaməsiz idarə etməklə bağlı qərar qəbul oluna bilər".
Bunu İqtisadiyyat.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli deyib.
Onun sözlərinə görə, ər və arvadın yalnız ümumi mülkiyyətlərində olan avtomobillərin onlar tərəfindən etibarnaməsiz idarə olunmasına icazə verilir: "Qüvvədə olan qanuna əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halı istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə 40 manat cərimə tətbiq edilir".
Ekspert bildirib ki, ailə üzvləri bir-birinin avtomobilini etibarnaməsiz idarə edə bilər: "Dövlət yol polisi etibarnaməsiz avtomobil idarə edilməsini aşkarladıqda avtomobil sahibinin kimliyini araşdırır. Əgər avtomobil ailə üzvünə məxsus olarsa, bu halda heç bir cərimə tətbiq olunmur".
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi isə ər və arvadın, ata və oğulun bir-birinin avtomobillərini etibarnaməsiz idarə etməsinin qayda pozuntusu olub-olmaması ilə bağlı məlumatlara aydınlıq gətirib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli İqtisadiyyat.az-a bildirib ki, bu məsələ Azərbycan Resublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə tənzimlənir.
O, indiki vəziyyətdə etibarnamə tələbi olmadan oğlun atanın və ya digər şəxslərin nəqliyyat vasitəsini idarə etməsinin qanunla nəzərdə tutulmadığını söyləyib:
"Bu məsələləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsi və onun qeyd hissəsi tənzimləyir. Gələcəkdə kiminsə etibarnaməsiz avtomobil idarə etməsi yalnız qanuna dəyişiklik edildiyi halda mümkün ola bilər. Qanunvericiliyimizdə mülkiyyətin sahibi və sahiblik hüququ anlayışı ilə bağlı məlumat öz əksini tapıb. Yəni atanın oğlunun, ərin xanımının və ya digər ailə üzvlərinin bir-birlərinin avtomobillərini idarə etməsi sahiblik hüququ olmayan şəxs kimi qiymətləndirlir. Bu proseslərin hər biri İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Əgər qanunvericiliyə bu cür hallarla bağlı hər hansı bir dəyişiklik edilsə, o zaman heç bir problem yoxdur. İndiki vəziyyətdə etibarnamə olmadan oğlun atanın və ya digər şəxslərin nəqliyyat vasitəsini idarə etməsi qanunla nəzərdə tutulmayıb".
Gülşən Şərif
Sadiq Cavadov