Azərbaycan bank sistemində təmərküzləşmə səviyyəsində (bir, yaxud bir neçə əldə cəmlənməsi) artım tendensiyası müşahidə edilir. 

İqtisadiyyat.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının 2022-ci il üzrə Maliyyə Sabitliyi hesabatında bildirilir.

Qeyd edilib ki, beynəlxalq təcrübədə geniş istifadə olunan HHI indeksi son illər aktiv və depozitlər üzrə təmərküzləşmədə artım, kreditlər üzrə isə azalma müşahidə edildiyini göstərir. Bununla belə, 2022-ci ilin sonu üzrə bank sektorunda təmərküzləşmə aktivlər və depozitlər üzrə orta (müvafiq olaraq 1584 və 1819) və kredit portfeli üzrə isə aşağı (982) səviyyədə olmuşdur.

Ən böyük 3 bankın sistem üzrə bazar payının dinamikası son illərdə təmərküzləşmənin artdığını göstərir. Belə ki, 2019-cu il ilə müqayisədə ən böyük 3 bankın aktivlər üzrə bazar payı 9 faiz bəndi artaraq 65%, depozit portfeli üzrə bazar payı 13 faiz bəndi artaraq 70%, kredit portfeli üzrə bazar payı isə 8 faiz bəndi artaraq 48% olmuşdur. Son 3 ildə bank sektoru üzrə təmərküzləşmənin artımı diqqətdə saxlanılır.

Məlumat üçün bildirək ki, HHİ indeksi beynəlxalq təcrübədə bazarlarda rəqabətliliyin səviyyəsi və təmərküzləşməni qiymətləndirmək üçün istifadə olunur. Amerika Birləşmiş Ştatların Ədliyyə departamentinin təcrübəsinə əsasən bu indeks əsasında bazarlar 3 hissəyə ayrılır: aşağı səviyyədə təmərküzləşmiş bazarlar (HHİ<1500), orta səviyyədə təmərküzləşmiş bazarlar (1500<2500), yüksək səviyyədə təmərküzləşmiş bazarlar (HHİ>2500). HHİ-in dəyəri 0-10000 arasında dəyişir.

hhi.jpghhi1.png