“Çap formasında olan əmək kitabçaları ləğv edilmir, dövriyyədən çıxarılır”.

Bunu İqtisadiyyat.az-a açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, əmək kitabçaları dövriyyədən çıxarıldıqdan sonra işçilərə təqdim ediləcək və onlar onu özlərində saxlayacaqlar: “Məsələn, hərbi mükəlləfiyyət dövrü bitsə də, şəxs hərbi biletini özündə saxlayır. Eynilə burada da belə olacaq. Çünki əmək kitabçası ona müəyyən məqamlarda lazım ola bilər. Yəni əmək kitabçaları sadəcə iş yerlərində dövriyyədən çıxarılacaq və şəxsə zəruri hallarda təqdim etmək tələb olunanda gətirib göstərəcək və bununla da məsələ həll olunacaq”.

S.Məmmədov bildirib ki, 2014-cü ildən sonrakı dövr üçün hər kəs əmək və yaxud sığorta stajını istənilən vaxt elektron informasiya sistemindən çıxarış edə biləcəklər: “2014-cü ilə qədər olan dövr üçün isə əmək kitabçası dövriyyədən çıxarılıb şəxsin özünə təhvil veriləcək və onu saxlamalıdır. Çünki qanuna əsasən, əmək müqavilələrinə 2014-cü il iyulun 1-dək xitam verilmiş işçilərin əmək stajı onların əmək kitabçası əsasında müəyyən ediləcək. Bəzi hallarda, məsələn, hakimliyə, vəkilliyə və s. qəbul olunmaq üçün əmək stajı tələb olunur. Bu zaman əmək kitabçalarını təqdim etmək lazımdır. Bundan başqa, 2014-cü ildən əvvəl işləyənlər əmək pensiyasına çıxanda hər hansısa bir mübahisəli məsələ olduqda bu kitabçaya baxıla bilər”.

Qeyd edək ki, Azərbaycanda əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlanması, əmək müqaviləsi bildirişinin ləğv olunması ilə bağlı Əmək Məcəlləsində dəyişiklik edilib. Dəyişikliyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında çalışan, eləcə də əmək müqavilələrinə 2014-cü il iyulun 1-dək xitam verilmiş işçilərin əmək stajı onların əmək kitabçası əsasında müəyyən ediləcək.

Əmək Məcəlləsinə dəyişiklik qüvvəyə mindiyi tarixdən elektron informasiya sistemində məlumatları mövcud olan əmək kitabçaları işəgötürənlər tərəfindən işçilərə təhvil veriləcək. Bu qanun qüvvəyə mindiyi günədək bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mərhələlərə uyğun olaraq həyata keçiriləcək.

Sadiq Cavadov