Bu ilin yanvar-noyabr ayları ərzində XVII-XX əsrlərə aid 53 yeni əlyazma abidəsi AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fonduna daxil edilib.

Bundan başqa, müəssisənin saxlanclarında mühafizə olunan 2302 nüsxənin elektron versiyası yaradılıb, 65 əlyazma kitabı və 8000 vərəq arxiv materialı bərpa edilərək xəzinəyə qaytarılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu, Əlyazmalar İnstitutunun 2023-cü il ərzində elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatında əks olunub.

Qeyd olunub ki, bu müddətdə 25 yeni kitab, o cümlədən monoqrafiyalar nəşr etdirilib, ölkədə və xaricdə 100-dən çox elmi məqalə, 90-dan artıq konfrans materialı işıq üzü görüb, 2 elmlər doktoru, 5 fəlsəfə doktoru dissertasiya işi müdafiə edilib. Həmçinin aparıcı beynəlxalq əlyazma mərkəzləri, muzey və kitabxanalarla münasibət qurulub, bir neçəsi ilə əməkdaşlıq müqavilələri imzalanıb, institut əməkdaşları ölkədə və xaricdə təşkil olunan beynəlxalq tədbirlərdə iştirak ediblər.

Bütövlükdə hesabat Elmi şura üzvləri tərəfindən yüksək qiymətləndirilib və yekdilliklə qəbul olunub.