Mayın 16-da Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilən xüsusi iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, Milli Məclisdən bildirilib ki, qonaqları Milli Məclisdə görməkdən məmnunluğunu ifadə edən Əli Hüseynli onlara spiker Sahibə Qafarovanın salamlarını çatdırıb.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən bəhs edən Milli Məclis sədrinin birinci müavini bildirib ki, Ümummilli Liderin uğurlu siyasəti nəticəsində ölkəmiz sürətlə inkişaf edib. Qeyd edib ki, Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi ilə xarici siyasət, o cümlədən Rusiya ilə münasibətlər yaxşılığa doğru irəliləyib.

Vitse-spiker vurğulayıb ki, çoxəsrlik tarixə söykənən Azərbaycan-Rusiya münasibətləri ölkələrimiz arasındakı ənənəvi dostluq əlaqələrinə əsaslanır. Hər iki ölkə prezidentinin rəhbərliyi ilə dövlətlərimiz arasındakı strateji tərəfdaşlıq yeni səviyyəyə yüksəlib. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri də dinamik inkişaf edir və yeni məzmunla zənginləşir.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin bildirib ki, Azərbaycan Rusiya üçün dost ölkədir. Hazırda ölkələrimiz arasında mövcud olan əlaqələrdən, gələcək perspektivlərdən bəhs edən Andrey Yatskin Rusiya-Azərbaycan münasibətlərinin bundan sonra da güclənib inkişaf edəcəyinə inamını ifadə edib. O, həmçinin parlamentlərarası münasibətlərin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə iştirak edən Milli Məclisin deputatı Mixail Zabelin Azərbaycan-Rusiya əlaqələrinin gələcək inkişaf perspektivlərindən bəhs edib.

Görüş hər iki tərəf üçün maraqlı məsələlərin müzakirəsi ilə davam edib.