“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 10-da yerli media nümayəndələrinə verdiyi müsahibəsində qeyd edib ki, 2022-ci ildə qarşıda duran vəzifələrə bütövlükdə nail olduq və keçən il bizim ümumi daxili məhsulumuz rekord həddə çatıb. Belə ki, 2022-ci ildə ölkədə 133,8 mlrd. manatlıq və ya 2021-ci illə müqayisədə 4,6% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub”.

İqtisadiyyat.az bildirir ki, bunu bu gün Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatının təqdimatı zamanı bildirib.

Baş Nazir deyib ki, qeyri-neft sektoru üzrə ÜDM-in artımı 9,1%, qeyri-neft sənayesində 7,1%, kənd təsərrüfatı istehsalında 3,4% artım olub: “Əhalinin hər nəfərinə düşən ÜDM isə 4,1% artaraq 13,3 min manat (7,8 min ABŞ dolları) təşkil edib. 2022-ci ildə xarici ticarət dövriyyəmiz təxminən 56,2 mlrd. ABŞ dollarına çatıb, müsbət ticarət saldosu 27 mlrd. ABŞ dollarını ötüb. 2021-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 57,7% artıb. İxracın real artımı 8,7%, idxal isə 1,7% artıb. Qeyri-neft ixracı ölkə tarixində ilk dəfə 3,0 mlrd. ABŞ dollarını üstələyib. Strateji valyuta ehtiyatlarımız 5,3 mlrd. ABŞ dolları artaraq 58,5 mlrd. ABŞ dolları olub və xarici birbaşa dövlət borcunu 8 dəfədən çox (8,7) üstələyir. Hazırda ehtiyatlarımız 62,5 mlrd. ABŞ dollarıdır, artım 2 ayda 4 mlrd. ABŞ dolları təşkil edib. 2022-ci ilin sonuna xarici birbaşa dövlət borcunun məbləği 9,5% azalaraq 6,7 mlrd ABŞ dolları olub və ÜDM-in 8,5%-ni təşkil edib.

Hesabat ili ərzində vergi və gömrük daxilolmaları üzrə yığımlar proqnozdan 4,8 mlrd. manatdan çox olub ki, bu da Strategiyada nəzərdə tutulan hədəflərə çatmaq üçün 2022-ci ilin dövlət büdcəsinə yenidən baxılmasına (dürüstləşməyə), sosial və investisiya yönümlü xərclərin artımına imkan verib”.