Kibertəhlükəsizlik deyildikdə bir çoxumuzun ağlına gələn ilk şey oxunması və başa düşülməsi mümkünsüz görünən sehirli sözlərdən və simvollardan ibarət birləşmələr - kodlar olur. Şübhəsiz ki, informasiyanın təhlükəsizliyini təmin etmək və informasiyanı qorumaq asan proses deyil. Ən yaxşı IT işçilərinin olduğu çox böyük şirkətlər belə, qlobal hesabla götürsək, ildə 6 milyard dollar vəsaiti kiber hücumlar nəticəsində itirir.

Bəs xakerlərliyin günü-gündən inkişaf etdiyi və yeni-yeni kiberhücumların yarandığı IT dünyasında informasiyamızın təhlükəsizliyini necə təmin edə bilərik? İlk öncə, məxfi məlumatlarımızın təhlükəsizliyini təmin etmək üçün proqramlaşdırma biliyimizin olması vacib deyil, çünki bir çox böyük şirkətlərin tədbiqlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə yaradılmış xüsusi bölmə var. Ümumiyyətlə isə, təhlükəsizliyi təmin etmək üçün aşağıda qeyd edilən tövsiyyələri yerinə yetirə bilərik.

  1. Məlumatlarınızı yedəkləyin - Məlumatlarınızın müntəzəm olaraq ehtiyat nüsxəsini yaradın. Mümkünsə, öz məlumatlarınızın kopyasını əsas iş yerinizdən başqa yerdə saxlayın. Beləliklə, sızma, yanğın və ya digər gözlənilməz hallar olarsa, siz məlumatlarınızı rahatlıqla geri qaytara biləcəksiniz.
  2. Güclü parollardan istifadə edin - Sizin, işçilərinizin, könüllülərin və əməliyyatlarınızda iştirak edən hər kəsin güclü parollardan istifadə etdiyinə əmin olun. Bəs güclü parollar necə olur? Güclü parolunuzun olmasını istəyirsinizsə çalışın həm böyük, həm də kiçik hərflərin, müxtəlif durğu işarələrinin, rəqəmlərin olduğu parol istifadə edəsiniz və çalışın parolunuzun uzunluğu çox olsun. Üstəlik parollarda öz adınızı və ya doğum tarixinizi qoymaq məsləhət deyil. Bu cürə parollar asanlıqla təxmin edilə və ya “brute force” adlanan kiberhücum növü ilə tapıla bilər
  3. Onlayn şəkildə işləyirsinizsə diqqətli olun - Əgər siz və ya birlikdə işlədiyiniz insanlar işlərini onlayn şəkildə görürlərsə, istifadə etdiyiniz cihazların ofisdə istifadə etdiyiniz avadanlıq qədər təhlükəsiz olduğundan əmin olun. Görüşlərə internet klublardan qoşulmaqdan qaçının. Əgər zəruri halda ictimai yerlədən qoşulmusunuzsa mütləq öz hesabınızdan çıxış verməyi unutmayın.
  4. Şübhəli e-poçtlardan ehtiyatlı olun - Şübhəli e-poçtları necə aşkar etmək barədə özünüzü və əgər işçiləriniz varsa, onları öyrədin. Səhv qrammatika, təcili hərəkətə keçməyinizə dair sorğular və ödəniş tələbləri kimi aşkar əlamətləri yoxlamaq sizə hücumdan qorunmaqda kömək edəcək. Şübhəli görünürsə, ona güvənməyin və işçilərinizə də xəbərdarlıq edin. Bu cür kiberhücumun adı “phishing”-dir və kifayət qədər təhlükəlidir.
  5. Antivirus proqramlarından istifadə edin -  Və onu vaxtaşırı yeniləyin. Milli Kibertəhlükəsizlik Mərkəzində kibertəhlükəsizliklə bağlı bəzi faydalı məsləhətlər və təlimatlar var.
  6. Sənədləri və ya noutbukları nəzarətsiz qoymayın - İşçilər və könüllülər sənədləşmə işlərini və ya noutbukları baxımsız tərk etdikdə məlumatları kənar şəxslər görə, oğurlaya, kopyasını özündə saxlaya bilər və ya məlumatlar üzərində dəyişikliklər edə bilər.
  7. Wi-Fi-ın təhlükəsiz olduğundan əmin olun - İctimai Wi-Fi və ya etibarsız bağlantıdan istifadə şəxsi məlumatları riskə ata bilər, ona görə də internetə qoşularkən həmişə təhlükəsiz bağlantıdan istifadə etdiyinizə əmin olmalısınız. Məsələn, hansısa ictimai yerdə və ya ticarət mərkəzində parolsuz Wi-Fi gördükdə ona qoşulmayın.
  8. Kimin nəyə çıxışı olduğunu qeyd edin - İT sistemlərinizə kənar şəxslərin girişlərini məhtudlaşdırmalısınız və  heç kimin müşayiətsiz olmasına icazə verməməlisiniz, çünki kənar şəxslər bilərəkdən və ya bilməyərəkdən sisteminizi təhlükəyə ata bilər.
  9. Məlumatı lazım olduğundan daha uzun müddət saxlamayın - Sahib olduğunuz şəxsi məlumatların üstündə qalmaq vaxtınıza və resurslarınıza qənaət edəcək. Bu, həmçinin məlumatların qorunması ilə bağlı öhdəliklərinizdə sizə kömək edəcək.
  10. İnternet hesablarınıza əlavə təhlükəsizlik quraşdırın - Əgər sizin bank kartınız varsa ona SMS xidməti və OTP (birdəfəlik 4 rəqəmli şifrə) quraşdırmanız məsləhətdir. Beləliklə, kimsə sizin kartınızdan pul çıxarmaq və ya ödəniş etmək istəsə sizə anında mesaj gələcək və həmin şəxs sizin telefonunuza gələn 4 rəqəmli kodu bilmədən sizin kartınızla ödəniş edə bilməyəcək, siz isə bundan xəbərdar olub kartınızı vaxtında bloklaya bilərsiniz. Eyni vəziyyət internet hesabları üçün də keçərlidir. Belə ki, kimsə sizin e-poçt və parolunuzu bilsə də sizin nömrəyə göndərilən OTP-ni bilməsə sizin hesaba giriş edə bilməyəcək.
  11. Parolu bərpa etmək üçün əlavə e-poçt və ya telefon nömrəsi qoyun – Əgər parolunuzu unutsanız sizin etibar etdiyiniz digər bir emailə və ya nömrəyə parolunuzu dəyişmək üçün bildiriş gələcək. Beləliklə hesabınız itməyəcək və oğurlanmayacaq.

 

Eşqin Həsənov

// İqtisadiyyat.az