Elektron çıxarışa sahib olan vətəndaşlar öz sənədlərinin həqiqiliyini onlayn olaraq yoxlaya bilirlər.
İqtisadiyyat.az xəbər verir ki, bunun üçün isə istifadəçilərdən heç bir ödəniş tələb olunmur. Xidmət ödənişsiz olaraq yerinə yetirilir. Vətəndaşlar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin e-emlak.gov.az portalından “Elektron çıxarışını yoxla” xidmətinə daxil olaraq çıxarışın qeydiyyat və reyestr nömrələrini qeyd etməklə sənədin düzgünlüyünü yoxlamaq imkanına malikdir.

Bununla mülkiyyətçilərin evlərinə kommunal xidmətlər qoşulanda tələb olunan çıxarışı müvafiq idarəyə gətirməsinə ehtiyac qalmır. Həmin qurum elektron çıxarışın yoxlanması sistemindən istifadə etməklə mülkiyyəti təsdiq edən sənədlə tanış ola bilər.

Eyni zamanda, vətəndaşlar hər hansı bir şəxsi mənzillərinə qeydiyyata aldırmaq istədikdə bu elektron xidmətdən istifadə edə bilir.

Həmçinin bu xidmət alqı-satqı prosesində də vətəndaşlar üçün olduqca faydalıdır. Belə ki, alıcı əmlakı almaq istədikdə çıxarışın sahibini az zaman sərf etməklə dəqiqləşdirə bilər. Mülkiyyət sənədinin kimin adına olduğuna əmin olur. Bununla alqı-satqı prosesində dələduzluq hallarının qarşısı alınır.

Qeyd edilməlidir ki, daşınmaz əmlakın dövlət reyestrindən kağız formada təqdim olunan çıxarışda göstərilən bütün məlumatlar elektron çıxarışda da əks olunur. Elektron qaydada əmlaka dair çıxarış əldə etmiş şəxs öz elektron çıxarışını bütün dövlət orqanlarında istifadə edə bilər. Bundan əlavə, elektron çıxarış sistemi kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi ilə bağlı yaranan problemləri də aradan qaldırır. Kağız çıxarışın başqa insanlar tərəfindən saxtalaşdırılması və qanunsuz istifadə edilməsi halı tam istisna edilir.​​​​​​