Elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azadolma müddəti 3 ildən 5 ilə kimi artırılıb. Belə ki, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddəti 2025-ci il yanvarın 1-dən daha 2 il müddətinə uzadılıb. Ekspertlər hesab edir ki, bu addımların atılması elektromobillərə marağı birə-beş artıra və ekologiyanın zərərli maddələrdən qorunması istiqamətində görülən işlərə töhfə sayıla bilər. Onlar gələcəkdə elektromobillərə marağın artması fonunda ənənəvi avtomobillərə marağın azalmasını da istisna etmirlər.
Nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, elektromobilləri şarj edən avadanlıqların Azərbaycana gətirilməsi və onların ƏDV-dən azadolma müddətinin uzadılması bu avtomobillərin sahibləri üçün yeni bir stimul yaradacaq.
Onun sözlərinə görə, şarj alətlərinin sayı ölkədə nə qədər çox olarsa, bu, ərazilərdən asılı olmayaraq elektrik mühərrikli avtomobillərə daha çox məsafələri qət etməyə imkan verəcək: “Elektrik enerji doldurucularının sayı nə qədər çox olsa, bu nəqliyyat vasitələrinin sayı Azərbaycanda arta bilər. Amma burada bir əmma var. Bu, ondan ibarətdir ki, elektrik mühərrikli avtomobillərin servis xidməti, onların ehtiyat hissələrinin Azərbaycana gətirilməsi və onların istismar müddəti hələ ki istədiyimiz səviyyədə deyil. Baxın, hər bir nəqliyyat vasitəsini aldıqda mütləq onun ehtiyat hissələri və servisinə diqqət yetirmək lazımdır”.
Ekspert həmçinin söyləyib ki, elektromobillərin ehtiyat hissələrinin idxalı ilə məşğul olan sahibkarlara bununla bağlı müəyyən bir güzəştlər nəzərdə tutulmalıdır: “Bəli, biz əgər ekoloji nöqteyi-nəzərdən məhz elektriklə çalışan avtomobillərin sayını artırmaq istəyiriksə, o zaman onun ehtiyat hissələri də eyni ilə onu şarj edən avadanlıqlarla yanaşı, ƏDV-dən azad edilməlidir”.
Sadiq Cavadov