Dünyada elektrik mühərriki ilə işləyən avtomobillərdən istifadə genişlənməkdə davam edir. Bu tendensiya ölkəmizdə də demək olar ki, müsbət qarşılanır. Sərfiyyatı, komfortu, texniki üstünlükləri bu maşınlara olan diqqəti daha da artırır. Nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bu avtomobillərin istifadəsi ilə bağlı İqtisadiyyat.az-ın suallarını cavablandırıb:

1. Ənənəvi avtomobillərlə elektrikli avtomobillərin fərqi nədir?

Ənənəvi avtomobillər daxili yanma mühərrikləri ilə,  elektrikli avtomobillər isə elektrik mühərriklərlə işləyir . Əsas fərqlərdən biri də müasir olmalarıdı. Ənənvi avtomobillər kimi  ətraf mühiti çirkləndirmirlər , mühərriklərinin səsi çox az olur.

2. Azərbaycanda elektrikli avtomobillərə üstünlük hansı səviyyədədir?

Bu avtomobillərin ümumiyətlə dünya səviyyəsində miqyası artır. Azərbaycanda da qlobal dəbə uyğun olaraq yayılmağa başlayıb.  Hazırda elektrik mühərrikli avtomobillər çox azdı. Bu ilin 9 ayı ərzində Azərbaycana idxal olunan elektrikli avtomobillərin sayı ötən ilkindən iki dəfə çoxdur. Getdikcə artım müşahidə olunur.

3. Bu avtomobillərin sığortası digər avtomobillərlə müqayisədə necə həyata keçirilir?

İcbari Siğorta ilə bağlı qanunvericilikdə sığortalanma mühərrikin iş həcminə görə nəzərdə tutulur. Elektrikli avtomobillərdə isə mühərikin iş həcmi yoxdu. Prosedur eynidir. Avtomobil və sürücü ilə bağlı məlumatlar daxil edilir və siğortalanır. Amma siğorta haqları tam fərqlidi. Ənənəvi avtomobillərdə siğorta haqqı 200 manatdırsa, bu avtomobillərdə sığorta haqqı 50-60 manatdır.

4. Elektrikli avtomobillərin dezavantajları hansılardır?

Mənə görə elektrikli avtomobillərin dezavantajı yoxdur. Onlarla bağlı biraz qayğı var. Bu avtomobillər yenidir, buna görə də sürücülər bu yeni texnikayla bağlı məlumatlı olmalıdırlar. Ən böyük qayğı isə texniki qulluğun çox aşağı səviyyədə olmasıdır. Ustalar da məlumatlı olmalıdırlar. Digər qayğı isə batareyalarının şarj məsələsidir. Yuxarı sürətli şarj qurğuları bahalıdır və hər yerdə olmur.Aşağı sürətli şarj isə gec yükləyir, bu da vaxt itkisinə gətirib çıxarır.

5. Bu model avtomobillər sərfiyyatına görə effektivdir. Bəs, təhlükəsizlik baxımından nə qədər güvəniləndir?

 Yol hərəkəti təhlükəsizliyi ilə bağlı ən son yeniliklər tətbiq olunduğuna görə çox güvənlidir. Hər bir halda bu avtomobillər yeni nəsil avtomobillərdir. Ənənəvi avtomobillərin əksəriyyətindən bir addım  öndədir.

6.  Azərbaycanda bu avtomobillərin perspektivində nələr gözlənilir? 

Qiyməti ensə, texniki qulluq artırılsa, peşəkar ustalar çoxalsa, şarjla bağlı qayğılar aradan qaldırılsa elektrikli avtomobillər sürətlə artmağa başlayacaq. Bu məsələ həm də əhalinin maddi vəziyyətindən asılı məsələdir. Vətəndaşların yüksək gəliri olsa həmin avtomobilləri əldə edə biləcəklər. Dövlətin də bu istiqamətdə yaxşı addımları var . Bu addımlardan biri də Azərbaycana idxal olunan son 3 ildə istehsal olunan elektromobillər üçün gömrük ödənişləri 0-a bərabərdir.

Məhəbbət Məmmədov