“İnsanlar doğru xəbəri saxta xəbərdən ayırd edə bilməli, yalan xəbərin təsirinə düşməkdən yayınmağı bacarmalıdırlar”.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, rəqəmsal transformasiya, onlayn informasiya resurslarının inkişafı, sosial media platformalarının çoxalması müasir dövrdə informasiya axınını sürətləndirir: “İnsanlar, hətta fərdi istəkləri olmasa belə, hər gün yüzlərlə informasiyanı eşidir, görür və dinləyirlər. Həmçinin, cəmiyyət üzvləri özləri də çox vaxt xəbər istehsalçısı və ya xəbər mənbəyi rolunda çıxış edirlər. İndi hər bir kəs ya xəbər alıcısı, ya da xəbər istehsalçısıdır. Təəssüf ki, gündəlik xəbər dövriyyəsi təkcə etibarlı, düzgün məlumatlardan ibarət deyil. “Yanlış xəbər”, “saxta xəbər”, “dezinformasiya” da xəbər dövriyyəsində böyük paya malikdir. “Saxta xəbər” insanları çaşdırır, səhv qərarlar verməsini və yanlış addımlar atmasını şərtləndirir”.

M.Ələsgərli qeyd edib ki, bu cür xəbər bolluğunda düzgün olanı seçmək, informasiya etibarlılığını müəyyənləşdirmək üçün insanların müəyyən bacarıqlara malik olması vacibdir: “İnsanlar doğru xəbəri saxta xəbərdən ayırd edə bilməli, yalan xəbərin təsirinə düşməkdən yayınmağı bacarmalıdırlar. Yaxud, özləri xəbər mənbəyi rolunda çıxış edərkən, obyektiv davranmağı bacarmalıdırlar. Bir sözlə, insanlar xəbər istehsalı, emalı və istehlakı barədə ən azı ümumi bilgilərə malik olmalıdırlar. Bütün bu elementlərin hamısı “media savadlılığı” proqramında ifadə olunur”.

2022-ci ildən qüvvəyə minmiş “Media haqqında” Azərbaycan Respublikasının Qanununun ölkəmizdə media savadlılığının artırılmasını zəruri tələb kimi irəli sürdüyünü vurğulayan ekspert diqqətə çatdırıb ki, həmçinin, Medianın İnkişafı Agentliyi media savadlılğının artırılması yönündə işlərin səmərəliliyini təmin etmək üçün xüsusi proqramlar icra edir: “2023-cü ildə Agentlik tərəfindən “Medialiteracy.media.gov.az” portalı yaradılaraq istifadəyə verilib. Bu portal media savadlılığı istiqamətdə məlumat almaq istəyənlər üçün mühüm töhfəyə çevrilib. Medianın İnkişafı Agentliyi paralel olaraq “media savadlılığı həftəsi” qismində kampaniyalar təşkil edir. Fikrimcə, bu cür proqramların və kampaniyaların təşkil olunması Azərbaycanda media savadlılığının inkişaf etdirilməsini stimullaşdırır”.

Qeyd edək ki, bu həftədən Azərbaycanda Media Savadlılığı Həftəsi başlayıb. Media Savadlılığı Həftəsi dekabrın 16-dan 22-dək Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçiriləcək. Həftənin keçirilməsində məqsəd cəmiyyətdə media savadlılığına dair fərqindəliyin artırılması və uğurlu beynəlxalq təcrübənin öyrənilməsi, həssas istifadəçi qrupu hesab olunan gənclərin bilik və bacarıqlarının inkişafı, informasiya mənbələri və axını ilə səmərəli qarşılıqlı əlaqənin qurulması, həmçinin məsuliyyətli rəqəmsal vətəndaşlığın təbliğ edilməsidir.

Hər il mütəmadi olaraq təşkil edilən həftə çərçivəsində tərəfdaş qurumların rəhbər və səlahiyyətli nümayəndələri, habelə sahə üzrə ixtisaslaşan beynəlxalq və yerli ekspertlər fikir və təcrübələrini bölüşəcək, media savadlılığının müxtəlif aspektlərini əhatə edən tədbir və layihələr icra ediləcək.

İsmayıl Bakuvi